[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed-118.jpg” ]
Gənc Politoloqlar Mərkəzi “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” adlı layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Bakı və İsmayıllıda gənc jurnalistlərin ixtisaslarının artırılması, onlar üçün treninq, məruzə, seminar və konfransların keçirilməsi nəzərdə tutulur.
Dünən Odlar Yurdu Universitetində gənc jurnalistlərin iştirakı ilə layihənin açılış mərasimi keçirildi. Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev tədbiri açaraq qonaqları salamladı. O, Qərb ölkələrinin Azərbaycana qarşı apardıqları qara PR kampaniyasından danışdı: “Bir sıra beynəlxalq qurumlar Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Sizin kimi ictimai-siyasi mövzularda yazan gənc jurnalistlər belə qurumların layiqli cavabını verməlidir”.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorunun müdiri Qafar Əliyev ictimai-siyasi mövzularda yazan gənc jurnalistlərin peşəkarlığının artırılmasının vacib olduğunu dedi: “Hüquqi-demokratik dövlətdə KİV-in rolu olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində iqtisadi-siyasi və mənəvi sahələrdə çox böyük uğurlar əldə edib və onun beynəlxalq nüfuzu xeyli artıb. Bununla bərabər, Azərbaycan Respublikasının qarşısında duran daxili və xarici məsələlərin həlli və vətəndaşların dövlət quruculuğu prosesində aktiv iştirakını təmin etmək üçün ideya-siyasi təbliğat işlərinin daha da artırılmasına böyük ehtiyac var. Bu məsələdə mühüm rol ictimai – siyasi mövzularda yazan və təbliğat aparan gənc jurnalistlərin də üzərinə mühüm vəzifələr düşür”.
Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev çıxış edərək məqsədlərindən danışdı: “Bizim əsas məqsədlərimizdən biri hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir. Gənc KİV işçilərinə seminar, konfrans, treninqlər keçirmək və onları fəal ictimai-siyasi həyata, demokratik dövlət quruculuğu proseslərinə cəlb etmək və ixtisaslarının artırılması bu layihənin əsas məqsədidir. Üç aylıq layihənin əsas vəzifəsi demokratik Azərbaycan cəmiyyətinin qurucuları olan gənclərin ideya siyasi və mənəvi tərbiyəsində mühüm rol oynayan peşəkar, vətənpərvər və ictimai – siyasi baxımdan yetkin gənc jurnalistlərin yetişməsinə kömək etməkdən ibarətdir”.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən treninqlərdə iştirak edən jurnalistlərə sonda sertifikatlar təqdim olunacaq.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23510″ id=”23510″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]