[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed24.jpg” ]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Sosial media və milli dəyərlər” adlı təlimlərə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilən təlimdə giriş sözü ilə çıxış edən sözügedən layihənin rəhbəri, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev iştirakçıları salamlayıb və layihə haqqında məlumat verib. Bildirib ki, Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlətimiz və onun milli maraqları üçün gəncliyin daima axtarışda olması vacib amillərdən birdir. Sosial media şəbəkəsinin genişlənməsi, informasiyanın insanlara daha tez çatdırılması, həmçinin dürüst və qərəzsiz olması çox mühimdir.
B.Əliyev qeyd edib ki, layihədə sosial media mədəniyyəti, informasiyanın dəqiq və tərəfsizliyinə əmin olmaq yolları, sosial mediada milli maraqların qorunması haqqında gənclərə bu cür təlimlərin keçirilməsi nəzərdə tutulur.
Layihə rəhbəri onu da bildirib ki, ümumilikdə dörd gün davam edəcək təlimlərin keçirilməsində məqsəd populyar beynəlxalq sosial paylaşma platformalarında dövlətçilik əlehinə yönəlmiş xarici təxribatalara qarşı gənclərin hazırlığının artırılması, dövlət əhmiyyətli məlumatların tirajlanması zamanı yaranan problemlər barəsində gənclərə ətraflı məlumatın verilməsi, sosial mediadan düzgün istifadə qaydalarının aşılanması və bu sahədə gənclər arasında maarifləndirmə işinin aparılmasıdır.
Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək rəhbərlik etdiyi qurum və onun tərkibində fəaliyyət göstərən İnformasiya Resursları Mərkəzi üçün milli dəyərlər sırasında dövlətçiliyin, mədəni irsimizin, tariximizin qorunmasının ən önəmli məqsədlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, iştirakçısı olduğumuz informasiya məkanında, bu gün müzakirə olunan sosial mediada milli dəyərlərin qorunması, sosial mediada yayımlanan informasiyanın idarəolunması məqsədilə gənclər və yeniyetmələr arasında kifayət qədər yüksək hazırlığın arzuolunandır.
İnformasiya – kitabxana məkanının iştirakçısı olan MEK-in hazırda üzətində çalışdığı Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi haqqında da məlumat verən L.İmanova məqsədlərinin Azərbaycan tarixi və mədəniyyətinə aid informasiyaların Azərbaycanın daxili və xaricindən toplayıb, sistemləşdirib, rəqəmsallaşdırıb və milli yaddaşa əlavə edildikdən sonra istifadəçilərin ixtiyarına vermək olduğunu bildirib.
L.İmanova öz çıxışında, həmçinin belə bir layihənin təşkilini və MEK-in ən müasir avadanlıqlarla təchiz olunmuş “Smart zalı”nda keçirilməsini yüksək qiymətləndirib.
Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova bu cür layihələrin keçirilməsinin təqdirəlayiq bir hal olduğunu qeyd edib, həmçinin, gənclərin sosial mediada şəffaflığa və vətənpərvərliyin təbliğinə marağının artırılmasının önəmli olduğunu vurğulayıb. Bildirib ki, müasir dövrdə gəncləri bu sahədə maarifləndirmə işinə cəlb etmək, onları sosial mediada milli maraqların təbliğatçısına çevirmək, eləcə də Azərbaycanın daxili və xarici uğurlarını sosial media və şəbəkələr vasitəsi ilə dünyaya çatdırmaq olduqca əhəmiyyətlidir.
Çıxış edənlər layihə iştirakçılarına uğurlar arzu ediblər.
Daha sonra təlim öz işinə başlayıb.
Qeyd edək ki, layihə çərçivəsində nəzərdə tutulan təlimlər Azərbaycan Mətbuat Şurasının Onlayn məsələlərlə iş departamentinin rəhbəri, yeni media üzrə ekspert Ellada Mustafayeva tərəfindən keçirilir.