[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-212.jpg” ]
4 iyun 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və İB Club-un maliyyə dəstəyi ilə reallaşan “Karyera A-dan Z-yə” kitabının təqdimatı baş tutdu.
Layihənin məqsədi gənclərin peşəkar inkişaf yolunda ehtiyac duyduqları bütün məlumatları ana dilimizdə rahatlıqla əldə edə biləcəkləri, onlara ixtisas seçimi, düzgün rezyume hazırlanması, karyera planlaması, müsahibə zamanı qarşılaşacaqları çətinliklər və doğru cavabların nələrdən ibarət ola biləcəyini göstərən, təcrübəli şəxslərin biliklərini bölüşdükləri və s. məlumatları özündə ehtiva edən bir vəsaitin – kitabın nəşr oluması vasitəsilə gəncliyimizin inkişafına töhfə verməkdir.
Kitabın müəllifləri təcrübəli təlimçi – instruktor Toğrul Ələkbər və gənc araşdırmaçı jurnalist İlahə Orucovadır. Kitabın hazırlanması müddətində müəlliflər yerli əmək bazarı ilə birgə həmçinin xarici mütəxəssisləri və ədəbiyyatı da araşdırıblar.
Bununla yanaşı, kitabı daha faydalı etmək üçün onlar Azərbaycanda, yerli və xarici şirkətlərdə çalışan 10-a yaxın təcrübəli HR mütəxəssislərdən müsahibə götürərək, kitabın ana mövzularına aid fikirlərini alıblar.
Kitab fərdi inkişaf sahəsində azərbaycan dilində yazılmış nadir kitablardan olaraq “kitab-təlim” formatında yazılıb və oxucu ilə birbaşa ünsiyyətdə olur. Bu kitab faydalı məlumatlarla yanaşı, oxuculara məlumatları daha yaxşı mənimsəmək üçün tapşırıqlar da təqdim edir.
Gecə də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, ULTRA Technologies şirkətinin HR direktoru Safiya Nezamətdinova, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi çıxış edərək, kitabın mahiyyətindən danışıb müəlliflərə uğurlar arzu etdilər.
Qeyd etmək istərdik ki, kitabın əsas devizi “Hamı iş tapacaq”dır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22473″ id=”22473″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]