[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-51.jpg” ]
Gənc tədqiqatçı, AMEA-nın doktorantı Günel Nazim qızı Hacıyevanın Azərbaycan Respublikasının Prezidenti yanında VI qrant müsabiqəsinin nəticəsinə əsasən Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc memarların elmi fəaliyyətinin sənəd-informasiya təminatı” adlı layihəyə uyğun hazırladığı “Azərbaycanda memarlığın kitabxana-informasiya təminatı” mövzusundakı monoqrafiyasında irəli sürdüyü dəyərli elmi mülahizələr və təkliflər Azərbaycanda memarlığın kitabxana-informasiya təminatı sisteminin innovativ inkişafında əhəmiyyətli rol oynayacaqdır.
Monoqrafiya Azərbaycanda tarixi milli-memarlıq məktəblərinin öyrənilməsi, müasir memarlıq məktəblərinin fəaliyyətinin tədqiqi, memarlıq abidələrinin bərpası sahəsində tədqiqat aparan peşəkar gənc mütəxəssis memarların elmi fəaliyyətinin kitabxana-informasiya təminatı istiqamətində aparılan ilk elmi-tədqiqat əsəridir.
Tədqiqat əsəri gənc memarların elmi-mədəni və təhsil sahələrində daha fəal iştirakını və onların elmi-tədqiqat fəaliyyətlərində sənəd-informasiya kütləsinin rolunu müəyyənləşdirməyi və gənclərin, eləcə də sahə üzrə mütəxəssislərin Azərbaycanın memarlığına dair zəngin kitabxana-informasiya resursları ilə ətraflı tanış etməyi nəzərdə tutur.
Müasir şəraitdə Azərbaycanda memarlığın kitabxana-informasiya təminatı mövzusu məhz bu monoqrafiyada ilk dəfə sistemli şəkildə araşdırılmışdır.
Tədqiqatın əsas məqsədi memarlığın kitabxana-informasiya təminatının elmi, müqayisəli və tənqidi təhlilini verməkdən, memarlıq sahəsində aparılan elmi-tədqiqat işlərindəki rolunu araşdırmaqdan və şərh etməkdən ibarətdir.
Aparılmış araşdırma memarlıq sahəsinin kitabxana-informasiya təminatında baş verən proseslər haqqında ümumi anlayış formalaşdırmağa imkan yaradır. Bütün bunlar sahə üzrə sənəd-informasiya sistemindəki nailiyyətlərini obyektiv qiymətləndirməyə və gələcək üçün onun inkişaf yollarını proqnozlaşdırmağa kömək edəcəkdir.
Tədqiqatın nəzəri və metodoloji əsasını tarixilik, varislik, məntiqilik və sistemlilik prinsipləri təşkil edir.
Müəllif müasir memarlıq sahəsində baş verən hadisələrin şərhi ilə proseslərə obyektiv qiymət verməyə çalışmış, keyfiyyət, kəmiyyət, struktur təhlilin, o cümlədən, müqayisəli və konkret-təhlilin metodlarından istifadə etmişdir. O, tədqiqatda konkret tarixi fakt və təhlillərə əsaslanmışdır. Tarixi hadisə və proseslərin işıqlandırılmasında xronoloji ardıcıllığın saxlanılmasına xüsusi diqqət yetirilmiş, bütün mənbələrə tənqidi yanaşma metodundan istifadə edilmişdir. Hadisə və proseslərin təhlili ilə yanaşı səbəb-nəticə əlaqələri də nəzərədən qaçırılmamışdır.
Memarlıq sahəsində elmi tədqiqatların müasir nəzəri və metodoloji üstünlükləri onların tətbiqi imkanları və təhsillə əlaqəsi ilə müəyyənləşdirilir.
İnformasiya cəmiyyətində mükəmməl bir sistemin tərkib hissələri kimi memarlıq elminin, təhsilinin və istehsalatının inteqrasiyasının mərkəzində bilik dayanır. Bu nöqteyi-nəzərdən Günel Hacıyevanın təqdim etdiyi bu monoqrafiya aktuallığı ilə diqqəti cəlb edir.