[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-159.jpg” ]
2-15 mart tarixlərində “İrəli” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidentı yanında Gənclər Fondunun dəstəyi ilə İsmayıllıda “Gənc Əkinçi” layihəsini həyata keçirib. Layihənin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Akademiya iştirakçılarıyla görüşdə bildirib ki, bu il İsmayıllı rayonunun “Gənclər Paytaxtı” seçilməsi bölgədə böyük inkişafa səbəb olub. O media nümayəndələrinə regionda görülən və görülməsi planlaşdıran işlər haqqında ətraflı məlumat verib: “İsmayıllı rayonunda regionun ən böyük velosiped zavodu tikilir. Biz bu işi bolqarlarla birgə görürük. Bu ilin avqust ayında işlərin başa çatdırılması gözlənilir. İşlərin 51 faizi Azərbaycan, 49 faizi isə bolqar şirkətlərinin payına düşür. Bu zavod bir növ yığma sex olacaq”.
İcra başçısı qeyd edib ki, İsmayıllının iqtisadiyyatının 80 faizini kənd təsərrüfatı təşkil edir: “Hal-hazırda İsmayıllı özünü 100 faiz ət məhsulları ilə təmin edir. Bununla belə, 60 faiz taxıl istehsal edir. Hətta deyərdim ki, İsmayıllı rayonun tam gücü var ki, o, 100 tondan artıq buğda istehsal etsin. Azərbaycanda yeganə kolxoz İsmayıllıdadır. Onu da qeyd edim ki, rayonda kənd təsərrüfatı məhsullarının onlayn ticarəti üzrə “Yaşıl market” yaradılır”.
M.Sadıqov rayonda müxtəlif dövlət strukturları, özəl sektor və şəxsi biznesdə gənclərin sayının artdığını da qeyd edib. O deyib ki, İsmayıllıda savadlı, müxtəlif dil bilgisi olan, intellektual gənclərə bundan sonra da dəstək veriləcək.
Daha sonra İsmayıllı Rayon Mədəniyyət Mərkəzində layihənin rəsmi açılışı olub. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, layihə çərçivəsində jurnalistlərə məruzəçilər tərəfindən müxtəlif seminarlar keçiriləcək, Azərbaycanın beynəlxalq məkanda tanıdılması, həqiqətlərin dünyaya çatdırılması istiqamətində mətbuat nümayəndələrinin rolundan danışılacaq. Sədr vurğulayıb ki, layihə davamlı olacaq və hazırda iştirakçı olan jurnalistlər bundan sonra “Gənc Əkinçi” proqramı çərçivəsində öz yazıları ilə həm yerli mətbuatda, həm də xarici mətbuatda çıxış edəcəklər: “Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə biz strateji olaraq gənc jurnalistlərdən ibarət “Gənc Əkinçi” Akademiyası çərçivəsində komanda formalaşdırdıq. 35 nəfərdən ibarət Kütləvi İnformasiya Vasitələrinin, eləcə də informasiya agentliklərinin nümayəndələri bu Akademiyada iştirak edirlər”.
M.Seyidov deyib ki, ümumiyyətlə bəzi dövlətlər ölkəmizin uğurlarına qısqanclıqla yanaşır. Onun sözlərinə görə, biz də çalışırıq ki, ölkəmizin tanıdılması istiqamətində səylərimizi daha da artıraq: “Prioritet istiqamətlərdən biri də odur ki, Azərbaycanın gənc jurnalistləri ilə bu istiqamətdə dayanmadan fəaliyyət göstərərək xarici mətbuata çıxış əldə edək. Düşünürəm ki, bu, xarici mediada Azərbaycan həqiqətlərinin üstünlük təşkil etməsinə əsaslar yaradacaq, informasiya müharibəsində mövqeyimizi daha da gücləndirəcək. “Gənc Əkinçi” Akademiyası bundan sonra da davam edəcək”.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov vurğulayıb ki, “Gənc Əkinçi” layihəsi öz strategiyası ilə daha öncə gənc jurnalistlər üçün keçirilən seminarlardan fərqlənəcəyinə və jurnalistikaya böyük töhfə verəcəyinə ümidvardır. O.Ərəbov Gənclər Fondunun gənclərin bilik və bacarıqlarının artırılması, ölkəmizin inkişafında rol oynayan layihələrə dəstək verməkdən qürur duyduqlarını və dəstəklərini bundan sonra davam etdirəcəklərini söyləyib.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli qeyd edib ki, ölkədə son illərdə savadlı, intellektual gənclərin sayı artıb və dövlət strukturlarında artıq daha çox gənc təmsil olunur. Jurnalistikanın dövlət və cəmiyyət üçün vacib əhəmiyyət daşıdığını söyləyən Cahangir Məmmədli peşəkar jurnalistlərə indiki dövrdə daha çox ehtiyac olduğunu söyləyib. Müxtəlif ictimai müzakirələrlə layihə gün ərzində davam edəcək: “Hesab edirəm ki, “Gənc Əkinçi” layihəsində iştirak edən gənc jurnalistlər burada öz təcrübələrini təkmilləşdirməklə bərabər peşəkarlardan yeni məlumatlar da əldə edəcəklər. Bu layihə onların xarici mətbuata çıxışını təmin etməklə bərabər, həm də ölkəmiz haqqında pis fikirdə olan insanlara əsl həqiqətləri göstərəcək”.
Sonra layihə iştirakçıları İsmayıllı rayonunun Mədəniyyət Sarayında olublar. Gənc jurnalistlər Mirhəsən Seyidovun, Orxan Ərəbovun, Cahangir Məmmədlinin və “Türkel” TV-nin (TTV) baş direktoru Nadir Şəfiyevin mühazirələrini dinləyiblər.
Layihə çərçivəsində təlimlərin son günü İrəli İB-nin sədri Mirhəsən Seyidov 6 ayın yekunlarına dair (01.07.2014 – 10.03.2015) hesabat verib. Onun sözlərinə görə, məqsədimiz 140 illiyini qeyd etməyə hazırlaşdığımız “Əkinçi” brendini qoruyaraq gələcək nəsillərə çatdırmaqdır. Təşkilat olaraq bir çox layihələrə imza atdıqlarını deyən M.Seyidov qeyd edib ki, yaxın zamanlarda “Gənc Əkinçi” adlı qəzet çap etmək niyyətindəyik: “Layihə iştirakçıları qəzetdə öz yazıları ilə çıxış edəcəklər. Yaxın günlərdə layihə iştirakçıları arasında yazı müsabiqəsi keçiriləcək və qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Bundan başqa, gənc jurnalistlər hansısa təkliflə çıxış etsə biz onu dəyərləndirməyə hazırıq. Əsas odur ki, yeni ideyalar səsləndirsinlər və təşkilatçılıq işində maraqlı olsunlar. Biz lazım olan bütün dəstəyi verməyə hazırıq”.
M.Seyidov layihənin digər vacib məqsədinin jurnalistlərin xarici mediaya çıxışını təmin etmək olduğunu söyləyib və rəhbərlik etdiyi təşkilatın artıq bu sahədə bir neçə xarici media qurumları ilə əməkdaşlıq müqavilələri imzalanıb: “Azərbaycan jurnalistlərinin xarici mediaya çıxışında ciddi problemlər var. Xarici mediada Azərbaycan haqqında kifayət qədər məlumat yoxdur. Biz öz həqiqətlərimizi dünyaya çatdırmaq üçün media gücümüzdən istifadə etməliyik. Layihə çərçivəsində seminarlar keçən ekspertlər “Gənc Əkinçi”lərə də bu işdə yardımçı olacaqlar. Onlarda bu sahədə artıq təcrübəlidirlər və xarici mediaya çıxış imkanları genişdir. Jurnalistlərimiz ciddi yazılar yazsınlar, biz həmin yazıları xarici mediaya çıxarmaq üçün əlimizdən gələni edəcəyik”.
Azərbaycanın gənclər siyasətindən də danışan M.Seyidov bildirib ki, dövlət hər bir gəncə fərdi yanaşır və onların hər birinin təşəbbüsünə dəstək vermək üçün müxtəlif strategiyalar hazırlayıb: “Dövlər gənclərin hansısa təşkilatda təmsil olunmadan da fərdi olaraq layihələrdə təşəbbüskarlıq etməsində maraqlıdır. Dünyada Azərbaycan qədər gənclərə kapital qoyan ikinci bir dövlət yoxdur. Azərbaycan dövləti gələcək siyasətini məhz gənclər üzərində qurduğu üçün gənclər üçün bütün maddi və texniki dəstəyi göstərir. İndiki gənclər üçün yaradılan şərait əvvəllər yox idi. Hansısa təşkilatda kompüterdə iş görmək istəyəndə növbəyə düzülürdülər.
Çünki kompüter yox idi. İnternet zəif idi. Lazımi qədər təchizatlı ofislər yox idi. Amma indi dövlət gənclərə və gənclər təşkilatlarına hər cür şərait yaradıb. Gənclər bu imkanları dəyərləndirməyi bacarmalıdırlar”.
İB-nın sədri sonda məlumat verib ki, təşkilat 6 ay ərzində 7 genişmiqyaslı layihə təşkil edib ki, bu layihələrdə iştirak etmək üçün 2085 nəfər müraciət edib, onlardan 958 gənc seçilib.
Qeyd edək ki, “İrəli” İB-nin “Gənc Əkinçi” Akademiyası təlimlərdən sonra yaradılacaq qrupla mütəmadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin mətbuat orqanlarının təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Bu il İsmayıllının “Gənclər paytaxtı” elan edilməsini nəzərə alaraq təlimlər məhz burada keçirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22208″ id=”22208″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]