[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-58.jpg” ]
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialında baş tutub. Yüz nəfərə yaxın gəncin iştirakı ilə baş tutan tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru Şəhla Cəlilzadə gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyindən danışıb. Direktor qeyd edib ki, filialın pedaqoji kollektivi tələbələrə öz ixtisasları ilə yanaşı, Azərbaycan xalqının tarixi, soy-kökü ilə bağlı da ətraflı məlumat verir.
Salyan rayon İcra Hakimiyyətinin əməkdaşı Məhərrəm Məmmədov təmsil etdiyi qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. M.Məmmədov yeniyetmə və gənclər arasında vətənpərvərlik ideyalarının təbliğ olunmasının vacibliyini qeyd edərək, analoji layihələri bundan sonra da dəstəkləməyə hazır olduqlarını bildirib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov öncə layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclər arasında Azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər ruhlu gənclərin yetişməsinə təkan verməkdir. Ç. Bayramov həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin intellektual potensialını üzə çıxarmaq üçün gördüyü işlərdən danışıb. TUMİB sədri deyib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti artıq öz bəhrəsini verməyə başlayıb.
Natiq qeyd edib ki, layihə çərçivəsində Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı konfranslar, şeir, mahnı, rəsm və gənc jurnalistlər arasında yazı müsabiqəsi keçirilir. TUMİB sədri tədbir iştirakçılarını müsabiqələrdə yaxından iştirak etməyə çağırıb.
Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Tanınmış jurnalist beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının işğalına göz yumduğuna diqqət çəkərək, gəncləri diaspora təşkilatları ilə əməkdaşlığa səsləyib. S.Verdizadə deyib ki, tələbə-gənclərimiz müxtəlif xarici dilləri yüksək səviyyədə öyrənməklə Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilərlər.
TUMİB-in Türkiyə təmsilçisi Lalə Həsənoğlu qardaş ölkədə Dağlıq Qarabağ həqiqətlərini yaymaq üçün gördükləri işlərdən və qardaş ölkədə diasporamızın daha da gücləndiriləsinin vacibliyindən danışıb. L.Həsənoğlu deyib ki, Azərbaycan gəncliyinin enerjisini doğru istiqamətə yönəltməklə ümummilli problemlərimizin həllinə təkan verə bilərik.
TUMİB-in İqtisadi Araşdırmalar və Təhlil Mərkəzinin rəhbəri Nəsimi Hüseynov son illər Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi layihələrdən söz açıb. N.Hüseynov gəncləri fərdi təşəbbüslərlə çıxış etməyə və özlərini azad rəqabət mühitində sınamağa səsləyib.
Daha sonra digər çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşərək, Ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən Azərbaycaçılıq məfkurəsinin bu gün Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini bildirdilər.
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb və tədbir iştirakçıları TUMİB-in diplomları ilə təltif ediliblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21125″ id=”21125″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]