[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-16.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin qalibi olmuş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənc zabit – gənclərin ali hərbi məktəblərə cəlb olunması” adlı layihəsi çərçivəsində ilk görüş Bakı şəhəri N.Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı orta məktəbdə keçirildi. Görüş ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı. Görüşün Kəlbəcər rayonunun işğalı gününə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırdı.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova Kəlbəcər rayonunun işğalından və dövlətimizə dəyən maddi, mənəvi zərərdən danışaraq erməni işğalı nəticəsində bir milyondan artıq vətəndaşımızın hüquqlarının pozulduğunu xüsusi vurğuladı. Torpaqlarımızın işğal altında olduğu bir vaxtda bilikli və cəsur zabitlərimizə daha çox ehtiyac duyulduğunu vurğuluyaraq keçirilən layihənin gənclərin ali hərbi məktəblərə cəlb olunması üçün vacib olduğunu söylədi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının rəhbəri Vüqar Qədirov çıxış edərək XX əsrin sonunda dünyanın gözü qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışdı. Qeyd etdi ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. BMT-nin məlum qətnamələrinə baxmayaraq, dünya ictimaiyyəti ermənilərin təcavüzünə biganə yanaşır. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünya ictimaiətinə daha da geniş yaymaqdadır.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli tarixən ermənilərin xalqımıza qarşı apardığı soyqırım və işğalçılıq siyasətindən danışdı. O qeyd etdi ki, xarici havadarlarının köməyindən istifadə edən erməni qəsbkarları SSRİ-nin süqutu ərəfəsində Azərbaycana qarşı ədalətsiz müharibəyə başladı. O zaman ölkə daxilində siyasi birliyin olmaması və vahid milli ordunun hələ formalaşmamasından yararlanan düşmənlərimiz xaricdən aldıqları dəstəkdən də istifadə edərək, Azərbaycanın 20%-dən artıq torpağını işğal etdilər.
Emin Həsənli daha sonra layihə haqqında məlumat verdi. Bildirdi ki, bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə keçirdiyimiz “Gənc zabit-gənclərin ali hərbi məktəblərə cəlb olunması” adlı layihə gənclərin hərbi peşəyə həvəsləndirilməsinə yönəlib. E.Həsənli qeyd etdi ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.
Görüş zamanı, həmçinin, gənclərə ilkin hərbi biliklər aşılandı, ordunun dövlət və millət üçün əhəmiyyəti vurğulandı. Gənclərin Ali Hərbi Məktəblərə istiqamətləndirilməsi üçün onlara qəbul qaydaları, hərbi məktəblərdə təhsil almağın üstünlükləri barədə məlumatlar verildi. Daha sonra bir qrup gənc Quba şəhərində keçiriləcək düşərgə üçün seçildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20945″ id=”20945″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]