2014-cü il dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Yığıncağın gündəliyinə 6-cı qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş layihələrin müzakirəsi, Fond tərəfindən maliyyələşdirilən layihələrin monitorinqi qaydalarının təkmilləşdirilməsi və digər məsələlər daxil edilmişdir.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 6-cı qrant müsabiqəsi barədə məlumat verərək bildirmişdir ki, 2014-cü il sentyabrın 5-dən oktyabrın 20-dək Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1248 layihə təklifi daxil olmuşdur. Oktyabr ayının üçüncü ongünlüyü və noyabr ayı ərzində layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilmiş, hər biri haqqında annotasiya hazırlanmış, 500-dək müraciətçi ilə görüşlər keçirilmişdir.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəlmişlər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilmişdir. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 137 layihədən 103-ü, “B” kateqoriyası üzrə 24 layihədən 13-ü, “C” kateqoriyası üzrə 1087 layihədən 292-nin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 408 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 086 100 manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur (həmin layihələrin siyahısı 2014-cü il dekabrın 9-da Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir).
İclasda Fond tərəfindən maliyyələşdirilən layihələrin monitorinqinin təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılmışdır. Şura üzvü Nurəddin Mehdiyev “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin monitorinqinin aparılması Qaydaları”na bir sıra əlavə və dəyişikliklər təklif etmişdir. Müzakirələrdən sonra həmin təkliflər qəbul olunmuşdur.
Fondun icraçı direktoru Fərhad Hacıyev erməni diasporuna qarşı mübarizənin effektivliyinin artırılması istiqamətində daha təsirli və ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulamış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün qrant müsabiqələrinin keçirilməsinin zəruri olduğunu qeyd etmişdir. Bu məqsədlə xüsusi kateqoriyanın müəyyən edilməsi və ya mövcud olanlardan birinin yenisi ilə əvəz olunması barədə təkliflər səslənmiş, Müşahidə Şurası tərəfindən qəbul edilmiş sənədlərə müvafiq əlavə və dəyişikliklərin layihəsinin hazırlanması üçün Şura üzvləri və Fondun əməkdaşlarından ibarət tərkibdə işçi qrup yaradılmışdır. Yeni kateqoriya üzrə müsabiqənin 2015-ci ilin əvvəllərində elan edilməsi qərara alınmışdır.
Gündəlikdəki məsələlərlə bağlı müzakirələrdə Müşahidə Şurasının üzvləri İntiqam Babayev, Ceyhun Bayramov, Nazim Səmədov, Cavid Məmmədov, Şahin İsmayılov və Şahin Seyidzadə iştirak etmişlər.