[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed-220.jpg” ]
Məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyasının mühüm məsələlərdən biri kimi dəyərləndirilir. 2011-ci ildə qəbul edilmiş “Sosial xidmət haqda” Azərbaycan Respublikası qanunun tətbiqi sayəsində məişət zorakılığından əziyyət çəkən şəxslərə sosial, tibbi, hüquqi və psixoloji yardımın göstərilməsi məqsədilə icma əsaslı xidmətlərin yaradılması daha geniş vüsət almağa başlamışdır. Belə ki, 2011-ci ilin avqust ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyinin Uşaq müdafiəsi və De-institusionalizasiya idarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Bakıda “Zorakılıq və Cinayət Qurbanı olmuş Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi” yaradılmışdır. Fəaliyyət göstərdiyi üç il ərzində mərkəzdə zorakılıq və cinayətin qurbanı olmuş 250-dən çox uşaq reabilitasiyaya cəlb edilmişdir. Reabilitasiya keçən uşaqların 65%-dən çoxu məhz məişət zorakılığından zərər çəkmişdir. Regionlarda zorakılıq qurbanı olmuş uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Mərkəzi Aran rayonlarını əhatə etməklə Ucar rayonunda “Məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi” təsis edilmişdir. Mərkəzdə təcrübəli sosial işçilər, psixoloq, hüquqşünas, pedaqoq fəaliyyət göstərəcəkdir. Yaradılmış mərkəz cinsi, fiziki, psixoloji və emosional zorakılıq, habelə etinasızlıqla üzləşmiş, istismar, o cümlədən, əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilmiş, işgəncə, kobud və alçaldıcı rəftar və məcburi yerdəyişməyə məruz qalmış və valideynləri və ya digər ailə üzvlərinin itkisindən psixoloji sarsıntı keçirmiş uşaq və gəncləri, habelə onların ailələrini sosial, psixoloji və hüquqi xidmətlərlə təmin edəcəkdir. Həmçinin, gələcəkdə Mərkəzdə fiziki, psixoloji və ya cinsi zorakılığa məruz qalmış və etinasızlıqdan əziyyət çəkən uşaqların fiziki və emosional təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvəqqəti sığınacağın yaradılması da nəzərdə tutulubdur ki, buraya 5-18 yaş arasında olan, yuxarıda sadalanan müxtəlif növ zorakılıq və cinayətin qurbanı olmuş və ya risk altında olan uşaqlar qəbul ediləcəkdir. Ucar rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində yerləşən yeni yaradılmış “Məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi”nin rəsmi açılış mərasimi 18 noyabr 2014-cü il tarixi saat 14:00-da keçirilmişdir. Açılış mərasimində Ucar rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Mərkəzi Aran rayonlarının Polis İdarələri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və KİV nümayəndələri iştirak ediblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20010″ id=”20010″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]