[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/28.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan bir ay davam edən “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihənin yekun tədbiri keçirildi. Xatırladaq ki, bu layihənin keçirilməsində məqsəd gənclərin sosial şəbəkələrdən səmərəli və məqsədyönlü istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılması olub. Oktyabr ayından start verilən layihə çərçivəsində bir ay müddətində Kürdəmir, Göyçay, Gəncə və Bakının bir çox orta və ali məktəb şagirdləri və tələbələri ilə görüşlər keçirilib.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının katibi, həmin institutun elmi işçisi Şahzadə Mədətova layihənin məqsədi haqqında məlumat verib. O, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirib. Bildirib ki, bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya təlabatının ödənilməsində mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, İnternetdə Azərbaycanın informasiya resurslarının zənginləşdirilməsi və bu qlobal virtual mühitdə, o cümlədən sosial şəbəkələrdə milli maraqlarımızın qorunmasında gənclərimizin də üzərinə mühüm vəzifə düşür.
Sonra söz alan layihənin eksperti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov bu cür layihələrin keçirilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, ölkəmizin sosial-iqtisadi inkişaf səviyyəsi, gənclərlə bağlı aparılan məqsədyönlü dövlət siyasəti bu layihələrin həyata keçirilməsinə, gənclərin öz potensialını, kreativ düşüncələrini reallaşdırmağa imkan verir. Layihənin yekunlarından danışan R.Mahmudov qeyd etdi ki, bu tədbirlərdə gənclər, həm də təlimçilər böyük fayda əldə edə biliblər. Belə ki, gənclər sosial şəbəkələrin imkanları və problemləri ilə bağlı zəngin bilik əldə ediblər. Layihəni reallaşdıranlar isə bu istiqamətdə gələcək fəaliyyətləri üçün zəngin təcrübə, gənclərlə apardıqları disskussiyalar əsasında isə sosial şəbəklərlə bağlı elmi tədqiqat üçün zəngin material əldə edə biliblər.
Tədbirdə digər məruzəçi – İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı, “Açıq dərs” verilişinin aparıcısı Orxan Cabbarlı İnternetin, sosial şəbəkələrin üstünlüklərindən, faydalarından, həmçinin neqativ təsirlərindən, təhlükələrindən danışdı. Qeyd etdi ki, sosial şəbəkələr yeniyetmə və gənclərin bilik və informasiya əldə etmələri və onları paylaşmaları, tədris materialları əldə etmələri, xarici dilləri öyrənmələri, intellektual diskussiyalar aparmaları, pozitiv maraqlar ətrafında birləşmələri, asudə vaxtlarından səmərəli istifadə etmələri üçün mühüm imkanlar yaradır. Bildirdi ki, bununla yanaşı, sosial şəbəklərdə informasiya təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması, zərərli ideyaların yayılması kimi problemlər mövcuddur. Onun sözlərinə görə, yeniyetmə və gənclər bu cür problemlərdən, təhlükələrdən xəbərdar olmalı, onlardan qorunmağı bacarmalı, lazım gələrsə, onlara qarşı mübarizə aparmağa qadir olmalıdırlar.
AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova sosial şəbəkələrdə elmi fəaliyyət üçün mövcud olan imkanlardan danışdı. Bildirdi ki, sosial şəbəkələr elmi-tədqiqatların aparılması, zəruri bilik və informasiya mənbələrindən istifadə etmək, elmi mərkəzlərlə və alimlərlə əlaqə qurmaq üçün sosial şəbəkələr çox əhəmiyyətlidir.
Tədbirdə aparılan müzakirələrdə çıxış edən digər qonaqlar – AMEA RH Beynəlxalq Əlaqələr İdarəsinin şöbə müdiri Bünyamin Seyidov, AMEA İnformasiya Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası sədrinin müavini Məmməd Həşimov və başqaları öz fikir və təkliflərini səsləndirdilər.
Sonda layihə rəhbəri Şahzadə Mədətova gənc nəslin inkişafına göstərilən dövlət dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, maliyyə dəstəyinə görə Azərbaycan Respubilkasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevə, elmi dəstəyə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə, həmçinin bu institutun Gənc Alim və Mütəxəssislər Şurasına, təşkilati dəstək göstərən qurumlara və vəzifəli şəxslərə təşəkkürünü bildirdi.
Tədbirin axırında Kürdəmir, Göyçay, Gəncə və Bakının bir çox orta və ali məktəblərində layihə çərçivəsində keçirilmiş tədbirlərin video xronikası nümayiş etdirildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=” 19961″ id=” 19961″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]