[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed18.jpg” ]
Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanıb. Azərbaycan cəmiyyətində uşağa, qadına və ahıla hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının, dini etiqadının və mentalitetinin dərin qatlarına söykənir. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.
Məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyasının mühüm məsələlərdən biri kimi dəyərləndirilir. 2011-ci ildə qəbul edilmiş “Sosial xidmət haqda” Azərbaycan Respublikası qanunun tətbiqi sayəsində məişət zorakılığından əziyyət çəkən şəxslərə sosial, tibbi, hüquqi və psixoloji yardımın göstərilməsi məqsədilə icma əsaslı xidmətlərin yaradılması daha geniş vüsət almağa başlamışdır. Belə ki, 2011-ci ilin avqust ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyinin Uşaq müdafiəsi və De-institusionalizasiya idarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Bakıda “Zorakılıq və Cinayət Qurbanı olmuş Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi” yaradılmışdır. Fəaliyyət göstərdiyi üç il ərzində mərkəzdə zorakılıq və cinayətin qurbanı olmuş 250-dən çox uşaq reabilitasiyaya cəlb edilmişdir. Reabilitasiya keçən uşaqların 65%-dən çoxu məhz məişət zorakılığından zərər çəkib.
Regionlarda zorakılıq qurbanı olan uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Mərkəzi Aran rayonlarını əhatə etməklə Ucar rayonunda “Məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi” təsis edilib. Mərkəzdə təcrübəli sosial işçilər, psixoloq, hüquqşünas, pedaqoq fəaliyyət göstərəcəkdir. Yaradılmış mərkəz cinsi, fiziki, psixoloji və emosional zorakılıq, habelə etinasızlıqla üzləşmiş, istismar, o cümlədən, əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilmiş, işgəncə, kobud və alçaldıcı rəftar və məcburi yerdəyişməyə məruz qalmış və valideynləri və ya digər ailə üzvlərinin itkisindən psixoloji sarsıntı keçirmiş uşaq və gəncləri, habelə onların ailələrini sosial, psixoloji və hüquqi xidmətlərlə təmin edəcəkdir. Həmçinin, gələcəkdə Mərkəzdə fiziki, psixoloji və ya cinsi zorakılığa məruz qalmış və etinasızlıqdan əziyyət çəkən uşaqların fiziki və emosional təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvəqqəti sığınacağın yaradılması da nəzərdə tutulubdur ki, buraya 5-18 yaş arasında olan, yuxarıda sadalanan müxtəlif növ zorakılıq və cinayətin qurbanı olmuş və ya risk altında olan uşaqlar qəbul ediləcəkdir.
Ucar rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində yerləşən yeni yaradılmış “Məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi”nin rəsmi açılış mərasimi 18 noyabr 2014-cü il tarixi saat 14:00-da keçiriləcəkdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, İnsan Hüquqları üzrə Müvəkkilin təsisatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, UNİCEF və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulubdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19907″ id=”19907″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]