[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/4690323994_f3b935c8f3_o.jpg” ] Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Facebook sosial şəbəkəsində Qarabağ münaqişəsinə həsr edilmiş unikal layihə başlanıb. Layihə rəhbərinin verdiyi məlumata görə, proyektdə əsas məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsiylə bağlı həqiqətlərin milyardlıq online məkanda – Facebook sosial şəbəkəsində gənclərimizin komanda işi ilə dünyaya çatdırılmasıdır. Digər məqsəd isə işğalçı Ermənistanla olan informasiya müharibəsində əcnəbi gənclərin maraq dairəsinə uyğun formada və modern metodlarla innovativ üstünlüyə nail olmaqdır. Layihənin ideyasına görə, dövlətimizin informasiya təhlükəsizliyində gənclərin fəaliyyət və təcrübəsini artırmağa şərait yaratmaqla yanaşı, gənclərin İKT (İnformasiya-Kommunikasiya Texnologiyaları) və İMT (İnformasiya Müharibəsi Texnologiyaları) innovasiyalarından yararlanmalarını və bənzər ideyaların rövnəqlənməsini təbliğ etmək başlıca prinsipdir. Layihə çərçivəsində dünya əhalisinin 20%-ə yaxın nəhəng hissəsini birləşdirən ən aktiv sosial şəbəkə Facebook üzərindən Qarabağın işğal gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılmasında əsaslı rol oynayacaq “Dönüş yolu (The way back)” strateji aplikasiyanın yaradılması nəzərdə tutulub. 20 ildən artıqdır ki, ədalətli həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən vacib faktların virtual aləmdə yüz minlərlə internet istifadəçisinin nəzərinə çatdırılmasında bu metod tamamilə bir ilkdir. Xüsusilə, vurğulamaq lazımdır ki, hətta işğalçı ölkənin Qarabağla bağlı bu cür anti-təbliğat aləti və ideyası indiyədək mövcud olmayıb.Layihə ümumilikdə 20 iyun – 20 sentyabr 2014-cü il tarixlərini əhatə edir.