[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/SAM_0303.jpg ” ] İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə Quba, Qusar və Xaçmaz rayonlarında “Gənclər arasında sağlamlığın təbliği sahəsində kütləvi tədbirlərin təşkili” adlı layihənin növbəti mərhələsində adı çəkilən rayonların gənclərinin iştirakı ilə voleybol yarışı keçirilib. Yarışda iştirak etmək üçün 12 komanda müraciət edib və güclərini sınayıblar. Final mərhələsi Quba şəhərində baş tutub və 4 komanda çempionluq uğrunda mübarizə aparmaq üçün vəsiqə qazanıb. Bu komandalar “Quba – UGİM”, “Gənc müəllimlər”, “Bağbanlı” və “Quba-2” olublar. Final mərhələsi təntənəli açılışla başlayıb, tədbirdə Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Quba Uşaq və Gənclər İdman Məktəbinin direktoru Elşən Vəlibəyov və başqa qonaqlar iştirak edib. Açılış nitqi ilə çıxış edən “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Ramin Xudayev qeyd edib ki, həyata keçirilən bu layihə artıq ikinci aydır ki, davam edir və bu layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edir. O, bildirib ki, voleybol yarışının keçirilməsində əsas məqsəd gəncləri pis vərdişlərdən yayındırmaqla sağlamlığın rəhni olan idmana yönəltməkdir. Digər çıxış edən natiqlər də layihə haqqında öz fikirlərini bildiriblər. Daha sonra oyunlara start verilib. Yarım finalda “Quba – UGİM” “Quba-2” komandasını sınağa çəkib və 2-0 qalib gələrək adını finala yazdırıb. Daha sonra “Gənc müəllimlər” “Bağbanlı” komandası ilə yarışıb və nəticədə “Bağbanlı” 2-0 qalib gələrək finalda “Quba – UGİM”-in rəqibi olub. III yer uğrunda “Quba – 2” və “Cənc müəllimlər” yarışıblar. Yarışın yekun nəticəsinə görə “Gənc müəllimlər” qalib gələrək turnirin bürünc medalçıları olub. Qızıl medalın sahibi isə “Bağbanlı” komandası olub və turnirin fəxri kubokunu qazanıb. “Quba – UGİM” komandası isə gümüş medallarla kifayətlənməli olub.