[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/unnamed-19.jpg” ]
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun çoxmədəniyyətli, tolerant ənənəsi haqqında məlumat səviyyələrinin yüksəldilməsi, mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində uğurlu fəaliyyətini davam etdirməkdədir.
Bu məqsədlə ADTGT 2014-cü il iyunun 17-dən 3 (üç) ay müddətində davam edəcək, “Multikulturalizmin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə və informasiya mübadiləsini nəzərdə tutan layihənin icrasına başlayıb.
Layihə ölkə Prezidenti cənab İlham Əliyevin başladığı “Bakı Prosesi”, Azərbaycanın irəli sürdüyü, BMT-nin Sivilizasiyalar Alyansı, YUNESCO, Avropa Şurası və ISESCO-nun dəstəklədiyi təşəbbüslə Bakıda keçirilmiş I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, mütəmadi olaraq təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumlarının, dövlət başçısının multikulturalizm sahəsində verdiyi Fərman və Sərəncamların, o cümlədən, Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında qərarının xarici ölkə gənclərinə təbliğinə, onların yerli gənclərimizlə əməkdaşlığını nəzərdə tutan fəaliyyətlərə dəstək xarakteri daşıyır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən layihə “Bir cəmiyyət-müxtəlif mədəniyyətlər” devizi ilə “Çoxmədəniyyətli icmalarda gənclərin fəal sosial iştirakçılığı” çağırışı altında keçiriləcəkdir.
14-20 iyul 2014-cü il tarixlərində “Azərbaycanın 2014-cü il Gənclər Paytaxtı” seçilən Quba şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Latviya, Polşa, İtaliya, Almaniya, Macarıstan, Bolqarıstan, Türkiyə və Rumıniyanı təmsil edəcək 30 nəfər əcnəbi gənc fəalın iştirakı nəzərdə tutulur.
Forumun proqramına plenar hissə ilə yanaşı, 4 panel müzakirəsinin aparılması, mədəniyyətlərarası dialoq sahəsində gənclərin əməkdaşlıq şəbəkəsinin qurulması, Quba Bəyannaməsinin qəbulu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.
Gündəlikdə 12 ölkədən olan gənc liderlərin Prezident Administrasiyasında, Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərində, Prezident yanında Gənclər Fondunda, QHT-lərə Dövlət Dəstəyi Şurasında, müxtəlif milli, etnik və dini icmalarda görüşlərinin keçirilməsi də durur.
Layihə Azərbaycanın multikulturalizm, mədəniyyətlərarası dialoq modelinin əcnəbi gənclərə təbliği, bu sahədə gənclərin birgə əməkdaşlığı təşəbbüsü, ölkə Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.