[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/unnamed-14.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V qrant müsabiqəsinin qalib layihələrindən olan “Əqlin Gimnastikası və Ağıllı Addım” layihəsinin icrasına start verilmişdir. Layihənin icra planına uyğun olaraq 16 iyun 2014-cü il tarixində tərəfdaş təşkilatların nümayəndələrilə birgə keçirilən təqdimat mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Anar Qasımov layihənin Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində reallaşacağını bildirib.
Layihənin əsas məqsədi cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na dəstək olmaq, yeniyetmə və gənclər arasında şahmat oyununa marağı artırmaq, bu oyunun gənclərin ixtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünün inkişaf etdirilməsinə müsbət təsir edə biləcəyini onlara mənimsətmək, səbr, dəqiqlik, sərbəst qərar vermək, məntiq, əvvəlcədən hesablamaq və digər bu kimi müsbət keyfiyyətləri gənclərə aşılamaq, 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışı və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının vətənimizdə keçirilməsi haqqında gəncləri maarifləndirməkdir.
Layihə çərçivəsində ilkin mərhələdə tərəfdaş təşkilatların nümayəndələrilə birgə aidiyyatı qurumlara müraciətlər ünvanlanacaq, sosial şəbəkələrdə yarışın keçirilməsi barədə elanlar yerləşdiriləcək, şahmat festivalının iştirakçıları müəyyənləşdiriləcək və “Dairəvi” sistem üzrə yarış təşkil olunacaq. Şahmat festivalının sonunda I, II və III yerlərə hədiyyələr, ümumilikdə isə iştirakçıların hər birinə sertifikat təqdim olunacaq.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15982″ id=”15982″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]