[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/12/IMG_2234.jpg” ]
2 dekabr 2013-cü il tarixində “Hyatt Regency” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və növbəti qrant müsabiqəsi ilə bağlı toplantı keçirilmişdir.
Toplantıda Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Fondun Müşahidə Şurasının sədri Tahir Süleymanov Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradıldığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bir il ərzində bir çox uğurlu layihələrə imza atan Gənclər Fondu dövlət başçısının növbəti Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin tabeliyinə verilmişdir.
T. Süleymanov bildirmişdir ki, tədbirdə Gənclər Fondunun fəaliyyəti ilə bağlı aparılan müzakirələr və məsləhətləşmələrin nəticələri, verilən təkliflər növbəti 5-ci qrant müsabiqəsində nəzərə alınacaqdır.
Toplantıda “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov çıxış edərək Azərbaycan Gənclər Fondu tərəfindən təkcə gənclər təşkilatlarına deyil, həm də fəal gənclərin fərdi layihələrinə qrant verilməsini yüksək qiymətləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbə gənclər təşkilatının sədri Toğrul Niyazlı isə demişdir ki, Fond yaradılana qədər gənclər öz layihə və ideyalarını reallaşdıra bilmirdilər. İndi isə Azərbaycan gəncinin səsi dünyanın hər bir guşəsindən gəlir. O, gənclərə yaradılan yüksək şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.
Fəal gənclərdən Dadaş Məmmədov, Sərraf Hüseynov, Vüsalə Hüseynli, Elman Süleymanov və digər çıxış edənlər də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gənclərinin ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə uğurla fəaliyyət göstərdiklərini vurğulamışlar.
Qeyd edilmişdir ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etmələrində böyük rol oynamışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək demişdir ki, bu gün ölkəmiz müstəqillik tarixinin olduqca dinamik inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qarşısında duran vəzifələr müvəffəqiyyətlə öz həllini tapır. Şöbə müdiri demişdir ki, xalqı tanıtmaq üçün millətin nümayəndələrinin hamısını bəlli sahəyə yönəltmək lazım deyil, onların içərisindən ən yaxşı nümunələri, ən yaxşı liderlik keyfiyyətinə malik olanları seçmək gərəkdir. Onların inkişafına ayrıca dəstək verilməli, daha rəqabətli vəziyyətə gətirilməlidir. Belə təşəbbüskar gənclərin vasitəsilə də beynəlxalq arenaya çıxmaq lazımdır.
Son illərdə Azərbaycanda dövlətdən maliyyə dəstəyi alan gənclərin sayının çoxaldığını qeyd edən Əli Həsənov bildirmişdir ki, həmin gənclərin layihələrə cəlb olunması daha da asanlaşdırılmalıdır. Bu prosesi asanlaşdırmaq yolu ilə mühüm layihələrə daha çox kontingent cəlb etmək mümkündür. Əlbəttə, qrantların miqdarını da artırmaq olar. Əsas odur ki, heç bir gəncin təşəbbüsü diqqətdən kənarda qalmasın.
Şöbə müdiri demişdir ki, bu işdə əsas məqsəd liderlik qabiliyyəti olan gəncləri üzə çıxarmaqdan ibarət olmalıdır. Əli Həsənov qeyd etmişdir ki, bütün digər sahələr kimi, Azərbaycan dövlətinin gənclər siyasəti də ümummilli liderimiz Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır.
Azərbaycan dövlətinin bugünkü gənclər siyasətinə toxunan Əli Həsənov qeyd etmişdir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 10 ildə ən çox diqqət yetirdiyi və prioritet hesab etdiyi sahələrdən biri məhz Azərbaycan gəncliyi olmuşdur. Dövlətimizin başçısı gənclərin 4 forumunu təşkil etmiş, dəfələrlə Bakıda və bölgələrdə gənclərlə görüşlər keçirmişdir.
Prezident Administrasiyasının rəsmisi demişdir ki, cənab Prezidentin iki Sərəncamı ilə Fonda 10 milyon manat pul ayrılmışdır. Lakin dövlət başçısının da dediyi kimi, bu, son hədd deyildir. Gənclər və İdman Nazirliyinin, Fondun təklifləri əsasında əlavə vəsaitin ayrılması ilə bağlı işlər aparıla bilər. Bir şərtlə ki, bu maliyyə vəsaitindən səmərəli istifadə olunsun.
Əli Həsənov ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan gəncliyi növbəti beş ildə də Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə, onun həyata keçirdiyi bütün proqramlarda fəal iştirak etməklə, həm də öz gələcəyini təmin edəcəkdir.
Tədbirdə çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev demişdir ki, yaradıcı gənclər heç bir qrant müsabiqəsindən kənarda qalmayacaqlar. O, Fondun gələcək fəaliyyət istiqamətlərindən danışaraq bildirmişdir ki, növbəti qrant müsabiqəsi daha geniş sahələri əhatə edəcəkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11592″ id=”11592″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]