[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/logo-1.jpg” ]
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sən də QİÇS-ə yox de” layihəsınə başlamışdır. Layihənin əsas məqsədi gənclər arasında QİÇS-ə qarşı maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, sağlam həyat tərzinin təbliği və bu sahəyə gənclərin diqqətinin artırılmasıdır.
Layihə rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, “Sən də QİÇS-ə yox de” layihəsinin Xaçmaz rayonunda keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində layihəyə cəlb olunanlar QİÇS problemi, narkomaniya bəlasının acı nəticələri haqqında məlumat alacaqlar. Müasir tibb nailiyyətləri ilə yanaşı milli-mənəvi dəyərlərimizin, tarixi ənənələrimizin yaxşı cəhətlərindən bəhrələnərək QİÇS-ə, eləcə də narkomaniyaya qarşı müqavimət göstərməyin mümkünlüyünü biləcəklər.
Layihənin effektivliyini artırmaq üçün layihəyə Xaçmaz rayon Gənclər və İdman İdarəsindən, Rayon Mərkəzi Xəstəxanasından, yerli QHT-lərdən ekspertlər dəvət olunacaqlar. Layihə 3 ay müddətində davam edəcəkdir. Bu müddət ərzində Xaçmaz rayonunda gənclər arasında informasiya kampaniyası-sağlam həyat tərzi ilə bağlı təlimlər keçiriləcəkdir.
Layihədə benefisiar kimi 9-11-ci sinif şagirdləri, rayonda yerləşən peşə liseyləri və digər ictimai təşkilatların üzvləri olan gənclər, ictimai-siyasi həyatda aktivlik göstərən gənclər və layihəyə marağı olan gənclər iştirak edəcək. Dolayı yolla isə region əhalisi layihədən faydalanacaqdır.
Təlimlərdə QİÇS-in yayılması yolları və ondan qorunma üsulları haqqında, eləcə də təhlükəsiz davranış haqqında məlumatlar veriləcək və şəhərin müxtəlif yerlərində məlumat bukletləri paylanılacaqdır.