Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhlükəsiz yol – təhlükəsiz həyat” adlı layihə yekunlaşmışdır. Hacıqabul və Kürdəmir rayonlarında həyata keçirilən layihənin əsas məqsədi daha geniş gənclər qrupuna yol hərəkəti qaydaları barədə məlumatların ötürülməsi, bu sahədə şagird, məktəb, bələdiyyə və yol polisi idarələri ilə əməkdaşlığı gücləndirməklə ictimai məlumatlandırma kampaniyası aparmaq olmuşdur. ATB maarifləndirmə işini əsas olaraq Hacıqabul və Kürdəmir rayonunda yerləşən orta məktəblərdə təhsil alan 9, 10, 11-ci sinif şagirdləri arasında təşkil etmişdir.
Keçirilən tədbirlərdə şagirdlərə yol təhlükəsizliyi, piyadaların öz təhlükəsizliyini təmin etmək üçün izləməli olduğu qaydalar barədə məlumatlar verilmişdir. Həmçinin, şagirdləri maraqlandıran sualllara cavab verilmişdir.
Azərbaycan Tələbələr Birliyi keçirilən tədbirlər vasitəsilə hər il artan yol qəzalarının qarşısını almaq məqsədilə gənclər arasında maarifləndirmə kampaniyasının aparılmasını önəmli hesab edir. Birlik keçirilmiş maarifləndirmə kampaniyası çərçivəsində gənclər vasitəsilə digər yaş qrupunda olan insanlar arasında da məlumatlandırma işinin aparılmasını və bununla da bu sahədə yüksək səviyyədə vətəndaş iştirakçılığına nail olmasını vacib sayır. Layihə çərçivəsində, həmçinin, müxtəlif müsabiqələr, müzakirə forumları da təşkil edilmişdir ki, burada da iştirak edən gənclər yol təhlükəsizliyi, yol qəzalarının qarşısının alınması ilə bağlı “informasiya elçiləri”nə çevrilmişlər. Daha sonra həmin gənclər yaşadıqları icmalarda maarifləndirmə işinin aparılmasını təmin edəcəklər.
Birlik Hacıqabul və Kürdəmir rayonlarının ölkənin əsas magistral yol xətti üzərində yerləşdiyini, yol qəzalarının bu rayonlarda tez-tez baş verdiyini və yol təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq, sözügedən rayonların ilk hədəf ərazi kimi seçmişdir. Gələcəkdə digər rayon və şəhərlərdə də bu cür informasiya kampaniyalarının aparılacağı nəzərdə tutulur.