[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/thumb325_20121105044519312.jpg” ]
27 iyun 2013-cü il tarixində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gənc Liderlər Forumunda 11 ölkənin gənc liderləri bir araya gəlib. Tədbir Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin (AAGİB) təşəbbüsü və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub. Layihənin məqsədi bölgədə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması və QİƏT ölkələrini əhatə edən gənclər arasında dialoqun qurulmasıdır.
Forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlər, gənclər təşkilatları sədrləri, həmin ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları, eyni zamanda Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, millət vəkilləri Azay Quliyev, Musa Qasımlı, Asəf Hacıyev, Asim Mollazadə, Rasim Musabəyov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov, yerli gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edirlər.
Forumun sonunda iştirakçılar tərəfindən Bakı bəyannaməsinin qəbul olunması və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis olunması nəzərdə tutulub.
F.Hacıyev tədbirdə açılış nitqi ilə çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətindən, dövlətin gənclərə olan qayğısından bəhs etmişdir. O, çıxışında “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqamının əhəmiyyətindən, proqram çərçivəsində Azərbaycan gəncliyi üçün yaradılmış real imkanlardan, əldə olunmuş bir çox uğurlardan danışmışdır. F. Hacıyev cənab Prezident İlham Əliyevin gənclərə olan xüsusi diqqətini və etimadını, 2 il ərzində gənclərlə 3 dəfə görüşərək onların fikirlərini dinlədiyini, məhz gənclərə dəstək göstərməyin dövlətimizin prioritet fəaliyyət istiqamətlərindən olduğunu vurğulamışdır.