[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/LOGO_gencler.png” ]
“Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərin psixoloji sağlamlığının keşiyində” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi orta məktəblərdə psixoloqların rolunun artırılması və məktəbli gənclərin psixoloji sağlamlığının qorunmasıdır.
Müasir dövrdə inkişaf etmiş ölkələrin məktəblərində psixoloji xidmətlərin çox böyük rolu vardır. Beynəlxalq təcrübədə məktəbli gənclər arasında səmərəli əməkdaşlığın qurulmasında, onların problemlərinin müəyyən olunmasında, müxtəlif problemlərlə üzləşən gənclərin stressdən azad olunmasında və onların təhsilə cəlb olunmasında psixoloqlar əvəzsiz rola malikdirlər. “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi bu sahəyə öz dəstəyini vermək üçün məhz belə bir layihəyə start verir.
“Gənclərin psixoloji sağlamlığının keşiyində” layihəsinin əsas istiqaməti məktəb psixoloqlarının bacarıqlarının artırılmasıdır. Layihə çərçivəsində yaxın günlərdə Bakı şəhərinin 40-a yaxın məktəbində çalışan psixoloqlar üçün xüsusi təlim kursları təşkil ediləcəyi planlaşdırılmışdır. Təlim kurslarında psixodiaqnostika, psixokorreksiya, stress, aqressiyanın yaranma səbəbləri, onun aradan qaldırılması yolları, psixoloji terapiya növləri və s. bu kimi mühüm mövzular müzakirə ediləcəkdir. İnteraktiv metodla, qarşılıqlı müzakirələr, qrup oyunları, beyin həmlələri formatında qurulacaq təlimlər peşəkar psixoloqlar tərəfindən aparılacaqdır.
Təlimlərin məqsədi yalnız məktəb psixoloqlarının bilik və bacarıqlarını artırmaq deyil, həm də onlar arasında ünsiyyətin qurulmasıdır. Bunun üçün layihə çərçivəsində “Məktəb Psixoloqu Şəbəkəsi” yaradılacaqdır. Təlimlərdən sonra bütün iştirakçıların görüşü keçiriləcək və gələcəkdə təcrübə mübadiləsinin aparılması üçün xüsusi format hazırlanacaq, şəbəkənin nizamnaməsi qəbul ediləcəkdir.