Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Region gəncləri üçün Sosial Media Məktəbi” mövzusunda maarifləndirici layihəyə start verib. Cəlilabad, Salyan və Lerik rayonlarında baş tutan layihənin icrasında başlıca məqsəd layihə iştirakçılarına yeni media bacarıqları, bloqerlik, sosial media marketinq və ondan faydalanmaq üsullarını aşılamaq və sosial media şəbəkələrində istifadəçilərin milli-mənəvi dəyərlərinin qorunması istiqamətində bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Layihə çərçivəsində, Cəlilabad, Lerik və Salyan rayonlarında 17-18-19 oktyabr tarixlərində baş tutan təlimlərdə 50-dən çox 15-35 yaş arası gəncləri əhatə edən təcrübəli ekspert və təlimçilərdən ibarət “Bloqerlik”, “Sosial Media Marketinq”, “Yeni Media” və s. kimi mövzularda mövzularda interaktiv təlimlər keçirilib. “Region gəncləri üçün Sosial Media Məktəbi”ndə keçirilən təlimlər zamanı jurnalist ekspertlərdən Seymur Verdizadə, sosial media üzrə bloqer, Nərmin Knyazlı və təlimçi Sevda Məmmədova iştirak ediblər. Sosial medianın faydaları, istifadə qaydaları və informasiya mübadiləsi, yeni medianın gücü və region gənclərinin bu proseslərdə iştirakı barədə gənc iştirakçılarla geniş fikir mübadiləsi aparılıb. Ekspert-təlimçilər çıxışları zamanı gənc iştirakçıları motivasiya edərək bildiriblər ki, fəal vətəndaş olmaq və yeni təhsil, peşə və karyera imkanları üçün çalışmaq və region gənclərinin şəbəkələşməsi üçün sosial mediada aktivlik nümayiş etdirmək lazımdır.
Azəri Gənclər Alyansı İB-nin sədri Leyla Sadıqova gənclərə uğurlar arzulayaraq, region gənclərini sosial medianın faydalarından yararlanmağa və milli-mənəvi məsələlərdə fəal iştirak etməyə dəvət edib. Təlimlərin sonunda iştirakçılara təbliğat materialları paylanılıb.