18 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Virtual Qarabağ İKT mərkəzinin, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin, “Böyük Yol” Gənclər İctimai Birliyinin və Park Bulvar ticarət və əyləncə mərkəzinin tərəfdaşlığı ilə Park Bulvar-da Qarabağın tarixi abidələri – Tariximizin ARXİVİ! devizi altında 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Al-Əlvan Qarabağ” layihəsinin növbəti sərgisi keçirilib. Bu gün işğal altında olan Dağlıq Qarabağ regionumuzda minlərlə tarixi abidələrimiz düşmən tapdağı altındadır. Bu tarixi abidələrimizin tanıdılması və gələcək nəsillərə ötürülməsi üçün“Al-Əlvan QARABAĞ 2” Qarabağın tarixi abidələrinin təsviri” layihəsi çərçivəsində yumurta qabığı üzərində rəsm sərgisi keçirilib.
Bakı şəhərində növbəti sərgi UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunan 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə keçirilib.
Layihənin məqsədi Qarabağda yerləşən tarixi abidələrimizin rəsm sənəti ilə gənclərə və geniş ictimayyətə tanıtmaq, eləcədə istedadlı gənclərimizin fəaliyətini stimullaşdırmaqdır.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırır. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında pasportlaşdırılır.
Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış abidələr də daşnak quldur dəstələri tərəfindən dağıdılıb. Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır. Bu baxımdan bu tarixi abidələrin gənclər arasında mütəmadi təbliğ olunması və onlara maddi-mənəvi dəyərlərimizin aşılanması biz gənclərin borcudur.