[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/565372_558705904143711_1398689745_n.jpg” ]
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə reallaşdırdığı “Biz hüquqlarımızı bilirik!” adlı layihəsinin növbəti təlimləri 17-18 noyabr 2012-ci il tarixlərində Mingəçevir rayonunda həyata keçirilmişdir. Ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstək vermək məqsədi daşıyan layihədə 30 nəfər gənc iştirak etmişdir.
Təlimçi Ceyhun Abbasov gənclərə vətəndaşların hüquq və azadlıqlarından, vəzifə və səlahiyyətlərindən danışmış, təhsilindən asılı olmayaraq hər bir vətəndaşın öz hüquqlarından minimum səviyyədə xəbərdar olmasının vacibliyini vurğulamışdır. O, həmçinin, hüquqlardan istifadə qaydalarından, onları müdafiəetmə üsullarından bəhs etmişdir. C.Abbasov qeyd etmişdir ki, vətəndaş cəmiyyətinin bərqərar olmasında hüquqi maarifləndirmənin gücləndirilməsi ən ümdə məsələlərdən biridir.
Təlim iştirakçılarına layihə çərçivəsində hazırlanmış “Mənim hüquqlarım” adlı hüquqi-maarifləndirici toplu paylanmış və təlim kursunun sonunda onlara diplomlar təqdim edilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində sonuncu təlimlər Sumqayıt şəhərində keçiriləcək. Ümumilikdə isə layihədən 90 nəfər gənc birbaşa olaraq yararlanmış olacaq.