16 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsinin təlimləri davam edir.
Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib seçilmiş “Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsinin dördüncü təlimi keçirilib. Layihə rəhbəri Gülarə Əliyeva giriş sözü ilə təlimi açıq elan edib və iştirakçılara layihə haqqında məlumat verib. Layihənin beşinci təlimi “Sinxron və ardıcıl tərcümə” mövzusunda keçirilib. Təlimçi Aynur Məmmədova şifahi tərcümənin formaları: sinxron və ardıcıl tərcümə haqqında məlumat verib, sinxron tərcümənin tarixindən bəhs edib. Sinxron tərcümə zamanı istifadə olunan texniki avadanlıqlar, sinxron tərcüməçinin hazırlığı, ardıcıl tərcümə zamanı tərcüməçinin qeyd götürmə vərdişləri haqqında danışıb. Daha sonra təlimə dəvət edilən ərəb və fars dilləri üzrə sinxron və ardıcıl tərcümə üzrə peşəkar tərcüməçi Mais Ağaverdiyev öz şəxsi təcrübələrindən danışıb, ərəb dili üzrə sinxron və ardıcıl tərcümə zamanı tərcüməçinin diqqət etməli olduğu nüanslar, ərəb dilindən-azərbaycan dilinə tərcümə zamanı ifadələrin işlənməsi haqqında məlumat verilmişdir. Təlimin ikinci yarısında iştirakçılara şifahi tərcümə üzrə tapşırıq verilib, qruplar şəklində iştirakçılar onlara verilmiş tapşırıqları ərəb-azərbaycan dilləri üzrə şifahi tərcümə ediblər. Sonda iştirakçılar sertifikatla təltif olunublar.
Layihə üzrə beşinci təlim Azərbaycan Dillər Universitetinin əsas binasında keçirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi ərəb dili üzrə tərcüməçi kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan, bu sahədə təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən gənc ərəbdilli tərcüməçilərin biliklərinin artırılmasıdır. Layihə çərçivəsində növbəti təlimlərdə “Tərcümə peşəsi və peşəkar tərcüməçi”, “Sinxron və ardıcıl tərcümə” mövzuları üzrə təlimlər keçiriləcəkdir.