11 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin özünəməşğulluğu üçün sosial sahibkarlıq” layihəsi çərçivəsində Göyçay rayonunda fəaliyyət göstərən kiçik və orta sahibkarların və gənclərin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev layihə barədə məlumat verərək layihənin gənclər üçün əhəmiyyətindən danışıb.
Layihənin gənclərin məşğulluğunun təmin edilməsi və onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi baxımından önəmli olduğunu vurğulayan KOBİA-nın nümayəndəsi Aygün Həsənzadə Agentlik haqqında təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış KOBİA tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, gənclər arasında sahibkarlıq düşüncə tərzinin formalaşdırılması və sahibkarlığın təşviqi istiqamətində görülən işlər, “KOB Evi”, “KOB Dostu”, “KOB Könüllüləri fəaliyyət proqramı” və digər dəstək mexanizmləri barədə məlumat verib. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov, GİZ-in nümayəndəsi Nicat Qarayev çıxışlarında gənclərin sahibkarlıqla bağlı müvafiq bacarıqlarının formalaşdırılmasında belə layihələrin əhəmiyyətini qeyd ediblər.
Tədbirlərin davamı olaraq növbəti tədbir 12 Mart 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilmişdir. Görüşdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri, Qəbələ rayonu üzrə “KOB Dostu” ofisinin rəhbəri Qalib Nəbiyev, Qəbələ rayonunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təlimçi ekspert Cosqun İsmayılov həyata keçirilmiş fəaliyyətlər haqqında ətraflı məlumat verərək layihənin gənclər üçün əhəmiyyətindən söz açıb. Layihə əsnasında keçirilmiş sosial sahibkarlıq mövzusunda olan təlimin mövzusunu bir daha iştirakçıların diqqətinə çatdırılıb. Sosial sahibkarlığın dövlətimiz, iqtisadiyyatımız və ekologiya üçün faydaları haqqında danışan C.İsmayılov, onu da qeyd edib ki, Azərbaycanda sosial sahibkarların sayı artarsa, bunun faydaları ölkə miqyasında hiss olunar, bunun üçün də onlara dəstək olmalı və onlara istiqamət vermək üçün bu cür təlimlərin təşkil olunması lazımlıdır. O, eyni zamanda Azərbaycanda sosial sahibkarlığa dəstək olan KOB və başqa təşkilatları da vurğulayaraq, iştirakçılara onların göstərdiyi xidmətlərdən danışıb.
Qalib Nəbiyev öz çıxışında gənclər arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Müasir dövrümüzdə sahibkarlıq bacarıqları gənclərin və gənc sahibkarların əldə etməsi gərəkən ən vacib səriştələrdəndir. O, “KOB Dostu”-nun fəaliyyət istiqamətləri və xidmətləri haqqında ətraflı məlumat verərək, “KOB Dostu”nun şimal qərb regionunda gənc sahibkarlara və sahibkar olmaq istəyən gənclərə hərtərəfli xidmətlərin göstərilməsinə hazır olduğunu qeyd edib.
Növbəti tədbir martın 13-də Ağdaş Dövlət Humanitar Kollecində keçirilmişdir. Tədbirdə təlimlərdə iştirak edən təhsilalanlar fəal iştirak edərək öyrəndiklərini əyani olaraq forum teatrlar və simulyasiya oyunları ilə gənclərə təqdim etmişdilər. Hər üç tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.
Məlumat üçün qeyd edək ki, “Gənclərin özünəməşğulluğu üçün sosial sahibkarlıq” layihəsinin həyata keçrilməsinidə məqsəd Göyçay, Ağdaş, Qəbələ şəhərlərindən seçilmiş 45 gəncin sosial sahibkar kimi formalaşaraq özünə məşğulluq imkanlarıın genişləndirilməsinə dəstək olmaq, gənclərin bilik və bacarıqlarını artırmaqdır.