[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/foto.jpg” ]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Kreativ Gənclər Şəbəkəsi” layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Dövlət Universitetində layihənin təqdimatı təşkil olunub.
Təqdimatlar zamanı iştirakçılara “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan Gənclər Fondu və “Kreativ Gənclər Şəbəkəsi” layihəsi haqqında məlumat verilib. Daha sonra iştirakçılarla Dövlət Proqramı ətrafında fikir mübadiləsi aparılıb. Tədbir zamanı iştirakçılar onlara təqdim olunmuş xüsusi təklif forması vasitəsilə təkliflərini yazılı formada da təqdim etmək imkanı əldə ediblər. Ümumilikdə 350-dən artıq gəncin iştirak etdiyi təqdimatda 110-dan artıq gənc tərəfindən Dövlət Proqramına təkliflər səsləndirilib. Təqdimat zamanı fəallığı və kreativ təklifləri ilə seçilən iştirakçılar Respublika Forumunda iştirak hüququ qazanıblar. Layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təqdimatlar həyata keçirilmiş və Azərbaycan Dillər Universiteti və Azərbaycan Turizm İnstitutunda təqdimatların təşkil olunması isə nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, “Kreativ Gənclər Şəbəkəsi” layihəsinin məqsədi paytaxt və regionlardan olan gəncləri peşəkar maraq sahələri üzrə istiqamətləndirərək təlimləndirmək, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində fikir mübadiləsi aparılmasını təmin etmək və kreativ gəncləri üzə çıxarmaqdır. Layihə 3 mərhələni əhatə edir: Bakıda keçirilən tədbirlər, regionlarda keçirilən tədbirlər və Respublika Forumu. Bakı şəhəri üzrə tədbirlər ali təhsil müəssisələrində həyata keçirilir. Layihə Bakı, Lənkəran, Şəki və Gəncə şəhərlərində yaşayan 1000-dən artıq gənci əhatə edir.
Layihə nəticəsində kreativ və fəal gənclər seçilərək, gənclər arasında “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ilə bağlı ilkin məlumat formalaşacaq, gənclər tərəfindən Dövlət Proqramının icrası üçün təşəbbüslər söylənəcək və mexanizmlər təklif olunacaq.