Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi ADPU-nin Quba filialında “Cümhuriyyət kuboku” intellekt festivalı adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə final turnirini keçirmişdir.
Rəsmi hissədə çıxış edən təşkilatın sədri və layihə rəhbəri Ramin Mahmudov qeyd etmişdir ki, layihə intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq, dövlətçilik və Vətənə sədaqət ruhunda tərbiyə edilməsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasına dair sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək vermək məqsədi daşıyır. Noyabr ayından etibarən Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında keçirilən seçim turlarında ümumilikdə 372 nəfər yeniyetmə və gənc iştirak edərək həm Gənclər Fondu, həm də Cümhuriyyət tariximizlə bağlı geniş məlumat əldə etmişlər.
Rəsmi hissədən sonra 12 komanda hərəsində 3 komanda olmaqla 4 yarımqrupda mübairzə aparmışdır. Nəticələrə əsasən A qrupundan Şabranın “Çıraqqala” və Qubanın “İstedadlar”, B qrupundan Xızı təmsilçsi “Oxu tar” və Quba təmsilçisi “TTL”, C qrupundan Şabran biliciləri “Tornado” və Qubanın daha bir komandası olan “Cümhuriyyət”, D qrupundan isə Xaçmazın “Altel-eqo” və Qusarın “TTS” komandaalrı ¼ finala vəsiqə əldə edərək qalib adı uğrunda mübarizəni davam etdirmişlər. Turnirin əsasnaməsinə uyğun olaraq məğlub komandalar da “Kiçik kubok” uğrunda yarışmışlar. ¼ mərhələsinə uğurla çıxan “Çıraqqala” komandası “Tornado” ilə, “istedadlar” isə “Altel-eqo” ilə mübarizədən qalib çıxaraq finala vəsiqə əldə etmişlər. Yekun nəticəyə əsasən Şabran rayonunun “Çıraqqala” komandası “Cümhuriyyət kuboku”nun sahibi olmuşdur. Quba təmsilçisi “İstedadlar” ikinci, daha bir Şabran təmsilçisi “Tornado” isə üçüncü yeri tutmuşdur. “Kiçik kubok” uğrunda mübarizədə isə Xızı rayonunun “Oxu tar” komandası qalib adını qazanmışdır. Qusar təmsilçisi “TTS” ikinci, Quba biliciləri olan “TTL” komandası isə üçüncü müküfatın sahibi olmuşdur.
Qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış kuboklar, medallar, diplomlar, Cümhuriyyət tarixinə aid ədəbiyyat nümunələri, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən statistik məlumatların əks olunduğu “100 illik qürur” adlı kitabçalar təqdim edilmişdir.