9 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı Sumqayıt şəhərində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş velo-yürüş keçirmişdir. “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı yerli əhalinin diqqətini sağlam həyat tərzinin sürdürülməsinə çəkməyi hədəfləmiş velosipedçilər Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start götürmüş və 15 km məsafə qət edərək Nəsimi Parkında yürüşü yekunlaşdırmışlar. Bununla onlar gənc və yeniyetmələrə səmərəli məşğuliyyət və idmanı təbliğ etmişlər. Velosipedçilərin şəhər turu gənclər təşkilatının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Sağlam Yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası – 2 adlı layihəsinin açılış tədbiri olaraq təşkil edilmişdir. Növbəti həftələrdə başlayan layihə çərçivəsində Sumqayıtdan olan gənc multiplayerlər üçün təlim təşkil edilməsi nəzərdə tutulmuşdur. Belə ki, layihəyə cəlb edilmiş ekspertlər 3 gün ərzində gənclərə sağlam həyat tərzini aşılayan, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlara yiyələnməklərinə yönəlmiş təlim təşkil edəcəklər. Multiplayerlər düzgün rasional qidalanma, tütünün zərərləri, idmanın orqanizmə faydaları, bir çox xəstəliklərin əmələ gəlmə səbəbləri, profilaktika yolları və s. haqqında məlumatlandırılacaqlar. Layihənin ikinci fəaliyyəti olaraq multiplayerlər – gənc təlimçilərimiz qazandıqları bilik və bacarıqlarla Sumqayıt şəhərinin ümumtəhsil müəssisələrində 1 ay ərzində təlim və seminarlar keçirəcəklər. Məktəblilər arasında sağlam həyat tərzini müzakirə mövzusuna çevirmək və onların bu mövzunu sərbəst şəkildə və dərindən araşdırmalarına təkan vermək üçün məktəblilər arasında sağlam həyat tərzi mövzusunda Debat Natiqlik Turniri təşkil ediləcək. Layihənin yekununda Sumqayıt Gənclər Evində “Sağlam Həyat Tərzi Forumu” baş tutacaq. Bu forumu keçirməkdə əsas məqsəd gəncləri sağlam həyat tərzinin müxtəlif aspektəri haqqında məlumatlandırmaqdır.