Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” Təşkilatının təşkilati dəstəyi ilə “KÖLGƏ” tamaşası Bərdə şəhərində nümayiş olunmuşdur. Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olan Emiliya Bayramovanın “KÖLGƏ” tamaşasının əsas məqsədi məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, məişət zorakılığına qarşı mübarizə, qadına şiddət haqqında ictimai fikirdə dəyişiklik yaratmaq, bu sahəyə ictimaiyyətin diqqətini cəlb etmək və cəmiyyətdə insanların bu problemi daha düzgün dərk eləməsinə nail olmaq, eyni zamanda da məişət zorakılığının qurbanı olan şəxslərin sosial müdafiəsidir.
Cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir. Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparmışlar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu layihənin də əsas funksiyası cəmiyyətə ailə, qadın və uşaq problemlərinin həllini göstərməkdir. 60 dəqiqəlik tamaşada müxtəlif fonlarda (kölgələrdə) və pantomima şəklində epizodlar könüllü aktyorların nümayişində tamaşaçılara çatdırılmışdır.