[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/2bu.jpg” ]
“Göyçay İnkişaf Mərkəzi” Gənclər Fondunun dəstəyi ilə Göyçayda həyata keçirilən “Gəncliyi gələcəyimiz üçün quraq”! adlı layihənin nəzərdə tutulan komponentlərini davam etdirir. Azərbaycanda gənc nəslin intellektual inkişafının dövlətimizin prioritetləri arasında olmasını nəzərə alaraq “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə Göyçayda ilk dəfə olaraq “Nə? Harada? Nə zaman?” və Xəmsə Milli İntellektual oyunlarını təşkil etmişdir. Yarışlar Göyçay rayon məktəbliləri və rayon gəncləri tərəfindən maraqla qarşılanıb. İntellektual oyunlar 23-24 oktyabr tarixlərində Göyçay şəhər 3 №-li məktəbin akt zalında keçirilib. Oyunların keçirilməsinə “Xəzər İntellektual Gənclər Klubu” da texniki və təşkilatı dəstək olub.
Bu oyunların keçirilməsi ilə əlaqədar eyni gündə “Kitab Müzakirə Klubu” yaradılmışdır. Göyçay gəncləri də intellektual oyunlar hərəkatına qoşulmaq imkanı əldə etmişlər. Həmçinin, onlar yerli və ölkə miqyaslı turnirlərdə iştirak etmək şansı qazanıblar.
“Nə? Harada? Nə zaman?” yarışının qalibi Göyçay şəhər 9 №-li məktəbin, Xəmsə Milli İntellektual oyunlarının qalibi isə şəhər 6 №-li məktəbin komandası olub. Qalib gəlmiş komandalara kubok, hədiyyə və medallar təqdim edilmişdir.
Həmçinin, Gənclər Fondunun dəstəyi ilə Göyçayda həyata keçirilən “Gəncliyi gələcəyimiz üçün quraq” layihəsi çərçivəsində oktyabr ayından başlayaraq yerli gənclər üçün periodik təlimlər təşkil olunur. Təlimlərdə Göyçay rayonundan ərizə forması ilə öncədən seçilmiş aktiv, motivasiyalı gənclər iştirak edirlər. Qeyd etmək istərdik ki, layihənin əsas məqsədi Göyçay rayonunda yaşayan seçilmiş gənclərin həyat bacarıqlarını inkişaf etdirmək, müxtəlif təsiretmə vasitələri ilə təhsilə və elmə maraqlarını artırmaq, onları ictimai həyatda fəal iştiraka cəlb etmək, liderlik, azad fikiryürütmə bacarıqlarını inkişaf etdirərək rayonda gənclərin sosial həyata aktiv inteqrasiya edilməsinə nail olmaqdır.