![](https://youthfoundation.az/wp-content/uploads/2017/12/IMG_0616.jpg)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Kitab üzərindən açılan dünya” adlı layihə çərçivəsində tədbirlər başa çatmışdır. Layihə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsaslanaraq həyata keçirilmişdir.
Üç ay müddətində davam edən layihə Bakı şəhəri Nizami rayonunun 3 tam orta məktəblərini (61, 129, 229) və Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini əhatə etmişdir. “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Nizami Rayon İcra Hakimiyyətinin texniki dəstəyilə hər məktəbdən 30 nəfər olmaqla “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evinə ekskursiya təşkil olundu.
Birliyin sədri və layihə rəhbəri Dinara Bayramlı, layihə üzrə ekspert Nailə İsmayılova, Nizami Rayon İcra Hakimiyyəti başçısının mavini Gülnaz İsrafilova, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, həmin şöbənin əməkdaşları İsa Hüseynov, Mürvət İbrahimov, Eldəniz Zeynalov, 61 saylı məktəbin direktoru Zemfira Şıxəliyeva, Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Aytac Rzayeva və məktəblərin müəllimləri gənclərlə bərabər ekskursiyada iştirak etdilər. 4 günlük ekskuriyaların dərhal ardından çay süfrəsi arxasında müzakirələr keçirildi.
Tədbirləri ilk öncə giriş sözü ilə layihə üzrə ekspert Nailə İsmayılova açaraq layihə haqqında ətraflı məlumat verdi. O, layihənin reallaşması üçün maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və texniki dəstəyə görə Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, eyni zamanda əməkdaşlarına dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, layihənin əsas məqsədi gənclər arasında kitaba münasibətin araşdırılması, onlara kitabın ərsəyə gəlməsində çəkilən zəhmətin dəyərləndirilməsinin aşılanması, kitab oxumağın insanın dünyagörüşündə, düşüncəsində yaratdığı dəyişikliyin başa salınması və peşə seçimində şagirdlərə istiqamət verilməsindən ibarətdir.
Daha sonra, çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirdi ki, tədbir vasitəsilə şagirdlər kitabların çapı ilə bağlı istehsal prosesini əyani şəkildə müşahidə edib, istehsalatda çalışan mütəxəssislər tərəfindən kitab çapı ilə bağlı texniki biliklərə yiyələnirlər. Natiq çıxışında gələcəkdə şagirdlərin peşə seçimi zamanı bu ekskursiyanın önəmli rol oynayacağını vurğuladı. Digər çıxışçılar da insanın ən əziz və yaxın dostunun kitab olduğunu qeyd etdilər və onu da qeyd etdilər ki, müxtəlif informasiya mənbələrinin bolluğu müasir dövrdə sanki, kitablara olan dəyəri azaltmışdır, lakin buna yol verməməklə sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qorumaq, onlardan səmərəli istifadə etmək və çox mütaliə etmək lazımdır.
Ekskursiya zamanı layihədə iştirak edən məktəblilərə üzərində “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin loqosu həkk olunan köynəklər paylanılıb və onlar sertifikatlarla mükafatlandırılıblar, Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evinin rəhbərliyi tərəfindən qonaqlara hədiyyələr təqdim olunub.