“Türk coğrafiyasında önəmli mövqeyə malik Azərbaycanın qardaş ölkə və topluluqlardan olan istedadlı yeni nəsil yazarları arasında bağların daha da gücləndirməsinə təkan verən layihələrin həyata keçirilməsi, qardaş xalqların yazarları tərəfindən təqdirəlayiq hal kimi dəyərləndirilir. Bu, türk xalqları, dövlətləri arasında yaxın dostluq və əlbəttə, qardaşlıq bağlarının daha da möhkəmlənməsinə xidmət edir.” – Belə fikirlər Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “BAKIDAN TÜRK DÜNYASINA” adlı layihənin açılış törənində səsləndirildi.
Azərbaycanda Atatürk Mərkəzində keçiriən açılış törənində DGTYB Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı “BAKIDAN TÜRK DÜNYASI”na adlı layihənin məramı-məqsədi, önəmi barədə iştirakçılara bilgi verdi. O qeyd etdi ki, qardaş ölkə və topluluqlardan – Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası, Tatarıstan Respublikası, Saxa (Yakutiya) Respublikası, habelə Qaqauz Eli və doğma Təbrizi təmsil edən 30-a yaxın yazarın qatıldığı layihə, türk dünyası ədəbi və media mühitində bağların daha da genişlənməsi, işbirliyi (pespektivləri) baxımından böyük önəm daşıyır.
“Tarixən ortaq dil, tarix, gələnək, bir sözlə, ortaq mədəniyyəti bölüşən türksoylu xalqlar arasında bağlar, işbirliyi imkanları SSRİ çökdükdən sonra yeni bir dövrə qədəm qoydu. Türksoylu xalqların zəngin mədəni irsi, ədəbiyyatının araşdırılması və dünyada tanıtımı, eləcə də, türksoylu dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün üfüqügeniş işlər görülməyə başlandı. DGTYB də yarandığı gündən türk coğrafiyasını əhatə edən gənc yazarlar, qələm adamları arasında ədəbi körpü rolunu oynayır, nəşr etdiyi müxtəlif məzmunlu kitablarla Azərbaycan ədəbi mühiti ilə digər türk xalqlarının ədəbi mühitləri arasında bağların daha da möhkəmlənməsinə çalışır.
Bu dəfəki layihənin silsilə tədbirlərində iştirak edən qonaqlar öz ölkələrinin ədəbi mühiti, indiyə qədər milli ədəbiyyatların keçdiyi yol, hazırda ədəbi mühitdə gedən proseslər, çağdaş ədəbiyyata baxışla bağlı fikir mübadiləsi aparacaq, məruzələr dinləniləcək. Ümid edirəm ki, səslənən fikir və təkliflər faydalı olacaqdır.”
Tədbirdə Mərkəzin müdiri, Əməkdar elm xadimi, millət vəkili, akademik Nizami Cəfərov layihənin önəmindən söz açdı. Bildirdi ki, ədəbiyyat xadimlərinin dostluq və qardaşlığı xalqlar arasında anlaşmanın, dinc yanaşı yaşamanın, birliyin möhkəmlənməsinə töhfələr verir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Stateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva bu cür layihələrin türk dövlət və topluluqlarına mənsub gənclər arasında dostluq və qardaşlıq bağlarını möhkəmləndirdiyini, işbirliyi perspek¬tivlərini daha da artırdığını vurğuladı. Xanım Niftəliyeva qeyd etdi ki, təmsil etdiyi fond, gənclər təşkilatlara, eləcə də ictimai fəal gənclərə öz yaradıcı və faydalı ideyalarını gerçəkləşdirməyə həmişə dəstək olub, bundan sonra da dəstək olacaq.
Konfransda millət vəkili Sona Əliyeva, Dünya Alpaqut Federasiyasının fəxri prezidenti Fərid Əlizadə, Qazaxıstanın əməkdar mədəniyyət işçisi, tanınmış şair Almas Ahmetbekoğlu, Tatarıstan Respublikası Yazıçılar Birliyinin başçısı, əməkdar mədəniyyət işçisi, görkəmli yazıçı-dramaturq Danil Salih, Astanadakı Avrasiya Universitetinin müəllimi Dauletkerey Kapoğlu, Türküstandakı Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçi dr.Gülnaz Faizulla, “Yeni Qazax şeiri antologiyası”nın tərtibçiləri Tanagöz Tolkınqızı, Dauren Berikkajıoğlu, eləcə də Qazaxıstanın müxtəlif ödülləri ilə təltif edilmiş başqa gənc şairlər, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyinin Gənc Şairlər bölümünün başçısı Qavril Andros, yenə Saxa (Yakutiya) təmsilçisi olan başqa bir istedadlı gənc yazar – Rüstəm Kazhenkin, Türkiyədə fəaliyyət göstərən “Dünya¬DER” ədəbi qurumunun təmsilçisi, gənc yazar Özgür Bacaksız, Qırğız Res¬publikasının gənc şairi Bekbolat Sarıbay, Özbəkistan şair-tərcüməçilərini təmsil edən Şoxista Artuk (Kamranlı), Təbriz gənc şairlərinin istedadlı nümayəndəsi Ümid Nəccari, habelə prof.dr. Alma Ülvi, dos.dr. Pərvanə Məmmədli, “Palitra” qəzetinin əməkdaşı, tanınmış jurnalist Fuad Hüseynzadə və b. qələm sahibləri iştirak və çıxış etdi.
Fəal və səmərəli diskussiya ortamında keçən açılış törənində qarşılıqlı maraq doğuran mövzular müzakirə edildi.