Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ucalığı” layihəsi uğurla icra olunmuşdur.
Şəhidlik ən öncə anamıza ana olan vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Şəhid adlarının əbədiləşdirilməsi üçün onların adına küçələr, təhsil ocaqları verilib. Müxtəlif yerlərdə büstləri qoyulub, ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. İndi respublikamıza gələn ayrı-ayrı dövlətlərin rəhbərləri, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu məkana baş çəkərək məqbərə önünə gül çələngi, şəhid məzarları üstünə tər çiçəklər qoyurlar. Şəhidlər ölmürlər. Onların igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanəyə dönür, nəsildən-nəslə ötürülür, şeirə, dastana çevrilir.
Layihə rəhbəri Əliyev Babanın verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 4 gün davam edən seminarlarda 1990-cı ilin müdhiş 20 Yanvar gecəsi qəhrəmanlıq göstərən şəhidlərimiz haqqında fikirlər və xatirələr bölüşülmüşdür.
Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.