Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşklati dəstəyi ilə 10-cu qrant qalibi Nərmin Fərəcova tərəfindən “Suyun rəngli yuxuları” layihəsi həyata keçirilir.
Layihənin məqsədi “Ebru” sənətinin gənclər arasında tanıdılması, “Ebru”nun tarixi haqqında düzgün məlumatın çatdırılması, bu sənətə marağın artırılmasıdır.
Layihə çərçivəsində ilk görüş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş tutub. Görüş zamanı gənclərə 30-a yaxın əsərdən ibarət sərgi nümaiş olunub, “Ebru sənətinin” incəlikləri öyrədilib və praktiki olaraq rəsmlər çəkilibdir.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qonaqları salamlayaraq tədbiri açıq elan edib, layihə rəhbərini ilk sərgisi münasibətilə təbrik edib və layihənin gedişatına uğurlar arzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun aparıcı məsləhətçisi Mübariz Gədirov iştirakçılara Gənclər Fondunun fəaliyyəti haqqında geniş məlumat verib. Gəncləri layihələri ilə Fonda müraciət etməyə səsləyib və Gənclər Fondunun bu cür istedadlı və yaradıcı gənclərə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Əlyazmalar İnstitutunun elmi işçisi, eyni zamanda layihə rəhbərinin müəllimi Zaur Orucov çıxışı zamanı tədbir iştirakçılarına Ebru sənətinin özəllikləri haqqında məlumat verib. Ebrunu Orta Asiyadakı Cığatay türkləri tərəfindən yarandığını qeyd edib.
Görüşün sonunda qonaqlar özlərini “Ebru sənəti” sahədində sınadılar.