Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Bakı Fond Birjasının və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə 29 noyabr 2017-ci il tarixdə “İnkişaf bi(r)likdərir” devizi altında “Gənc İnvestor 2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilmişdir.
Birja ticarəti üzrə simulyasiya yarışı “praktiki təhsil” konsepsiyasının modellərindən biridir. Simulyasiya yarışında qiymətli kağızlar bazarında müxtəlif situasiyalar modelləşdirilir və iştirakçılara – müddət, qiymət, risk və qərarların qəbul etmək bacarıqları öyrədilir.
Yarışın keçirilməsində məqsəd – fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, qiymətli kağızların (səhm və istiqrazların) alqı-satqı prosesinin aparılması və investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirməkdir.
4 nəfərdən ibarət olmaqla 10 komanda yarışda iştirak etmişdir. Yarış 2 vacib və ardıcıl mərhələdən ibarət olmuşdur: 1) master-klass təlimi və 2) birja simulyatoru ilə əməliyyatların aparılması. 28 noyabr tarixində keçirilmiş master-klass təlimində iştirakçılar real birjada ticarətin aparılma qaydaları və proqram təminatı ilə tanış oldular, həmçinin test rejimində virtual əməliyyatlar apardılar.
29 noyabrda təşkil olunmuş yarışda maliyyə bazarında baş verən hadisələr modelləşdirildi və bazarın dinamikasına təsir edən iqtisadi xəbərlər paylaşıldı. Komandalar hadisələri təhlil edərək qiymətli kağızlarla əməliyyatlar aparmış və virtual gəlirlərini artırmışdırlar. Yekunda virtual məbləğə əsasən ən çox gəlir əldə etmiş ADA Universitetinin komandası qalib seçilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandaları ikinci və üçüncü yerlərin sahibi olmuşdurlar.
Birja ticarəti üzrə simulyasiya yarışının qalibləri qiymətli hədiyyələr və diplomlarla mükafatlandırıldı. Qalib seçilmiş ADA Universitetinin komandası Bakı Fond Birjasında təcrübə keçmək imkanını əldə etdi.