Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Seyfullayeva Qumru tərəfindən keçirilən “İplərin sehri” layihəsinin 2-ci təlimi Hədəf Yaradıcılıq Mərkəzində saat 12:00-da Əzizə Mustafazadə tərəfindən keçirildi.
Təlim zamanı iştirakçılarına məşhur xalçaçı rəssamlar, xovlu və xovsuz xalçalar, xalçaların naxışları və toxunma yerləri arasında fərqlər barədə məlumat verildi. Xalçalar eyni rayonda toxunmasına baxmayaraq daxilində yerləşən kəndlərə görə bir-birindən fərqlənir. Xalçaların bir-birindən fərqlənməsinə səbəb onların yerləşdiyi coğrafi mühitin müxtəlifliyindən irəli gəlir. Çünki bir yerdə günəşin düşmə bucağı, torpağın münbitliyi, çay, və ya gölə yaxınlığı müxtəlif olur və toxunan xalçalarda bu özünü biruzə verir.
Digər maraqlı faktlardan biri xalçanın divardan asılması ilə bağlı idi. Xüsusilə uzununa doğru asıldıqdan bir müddət sonra naxışların aşağı doğru istiqamətlənməsi və rənglərin qarışmasının şahidi ola bilərik.
Xalça barədə verilən məlumatlardan sonra xovlu kilimlərin toxunması öyrədildi. İştirakçılar artıq yeni növ toxunuş ilə kilimlərini hazırlamağa başladılar. Artıq sonuncu təlimdə onlar qobelin və toxunma qaydası ilə tanış olacaqlar.