Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Memarlıq İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Natiq Tələbələr” layihəsi çərçivəsində təlimlərə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş “Natiq Tələbələr” layihəsinin keçirilməsində əsas məqsəd tələbələrdə natiqlik bacarıqlarını inkişaf etdirmək və onların gənc natiq kimi yetişməsini dəstəkləməkdir. Qeyd edək ki, “Natiq Tələbələr” layihəsinin ilk təlimi Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutub.
Layihə rəhbəri Azər Qasımzadənin sözlərinə görə, layihə çərçivəsində tələbələr 2 günlük təlimdə iştirak edərək natiqlik sənətinin incəliklərinə yiyələnəcək, həmçinin, yekun tədbirdə təlim zamanı öyrəndikləri nəzəri bilikləri təcrübədən keçirmək şansı qazanacaqlar. Layihənin sonunda təlimlərdə iştirak etmiş gənclər sertifikatlarla mükafatlandırılacaqlar.