14 noyabr 2017-ci il tarixində 193 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyi “Mənim yaşıl şəhərim” layihəsi çərçivəsində növbəti tədbiri həyata keçirdi.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyinin nümayəndəsi, təlimçi Teymur Mustafayev, 193 saylı tam orta məktəbin müəllim heyyəti və 50 nəfər şagird iştirak etmişlər.
Təlimdə çıxış edən “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyinin nümayəndəsi, təlimçi Teymur Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, ətraf mühitin qorunması, onlar arasında sağlam həyat tərzinin təbliği məqsədi ilə ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən etibarən daha intensiv xarakter almışdır. Ümummilli liderimizin rəhbərliyi ilə bu dövrdə ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. Müstəqilliyin ilk illərində Azərbaycanda ekoloji problemlərin həlli diqqətdən kənarda qalmışdı. Lakin ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görülmüş, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılmışdır. Dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında təbii ehtiyatlardan səmərəli istifadə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və ətraf mühiti qorumaq hüquqları öz əksini tapmışdır.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.