“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 10 noyabr tarixindən 12 noyabr tarixinədək Lənkəran şəhərində yerləşən AB Qala otelində “Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 18 yaşayış məntəqəsindən olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 3 günlük təlim kursları keçirilmişdir. İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, təlimçi qismində “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Təlim kursunda işçi heyətlə iştirakçılar arasında məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində bir çox mövzuların: “Ailədaxili zorakılıq nədir? Kimlər məişət zorakılığının qurbanları hesab olunur? Ailədaxili zorakılığla əlaqədar BMT-nin və Avropa Şurasının statistik məlumatları, Azərbaycanda məişət zorakılığı ilə bağlı mövcud statistika, Məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində təklif və tövsiyələr, Azərbaycanda ailədaxili zorakılığla mübarizə sahəsində aidiyyəti qurumların və QHT-lərin yeri və rolu” və s. mövzular müzakirə olunmuşdur. Təlim kursları ərzində işçi heyəti qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi bir çox təlim metodlarından istifadə etmişlər.
Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatların verilməsi, eləcə də, gənclərə məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində aidiyyəti təqdimatlar keçirilmişdir.
Qeyd edək ki, 05 oktyabr 2017-ci il – 05 yanvar 2018-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi ölkədə məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində regionlardakı gənclərin, xüsusilə də, gənc ailələrin, eləcə də risk qruplarının (məsələn, erkən nikahın iştirakçıları, yeniyetmələr, uşaqlar və s.) geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir.
Əlavə edək ki, təlim kurslarından öncə Azərbaycanın 36 müxtəlif yaşayış məntəqəsindən 78 nəfər gənc ərizəçi təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 26 nəfəri təlimdə iştirak etmək hüququ qazanmışdır.