30 sentyabr 2017-ci il tarixidə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsinin açılış mərasimi, eyni zamanda gənclər üçün təlim keçirilmişdir.
Təlimi giriş sözü ilə açan layihənin koordinatoru Rəşad Yunusov iştirakçılara layihənin məqsədləri – turizminin inkişaf potensialı olan şimal regionunda gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq, turizmin inkişafına cəlb etmək, maarifləndirmə işlərinin aparılması barədə məlumat verdi.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Seymur Aslanov çıxış edərək son dövrlərdə turizm sahəsində aparılan məqsədyönlü işlər ölkəyə gələn turistlərin sayının günügündən artmasına səbəb olduğunu qeyd etdi. S.Aslanov turizmin gələcəkdə daha da inkişaf etdirilməsi məqsədi ilə gənclərin bu sahəyə diqqətinin artırılmasının vacibliyini bildirdi.
Təlim turizm, təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirildi. İnteraktiv keçən təlim zamanı iştirakçılara menecerlik, turizm məkanlarına sosial şəbəkələr vasitəsi ilə həm yerli həmdə xarici turistlərin cəlb edilmə yollarının öyrədilməsi və kiçik biznes imkanlarının yaradılmasına dair ətraflı məlumat verildi.
Təlimdə şəhərin və region üzrə gəncələr təşkilatlarının üzvləri, fəal gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Layihə çərçivəsində təlimlər Xızı, Şabran, Quba və Qusar rayonlarında təşkil olunacaqdır.