“Erkən nikahların qarşısını birgə alaq” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən bu ilin sentyabr ayından etibarən 3 ay müddəti ərzində icra edilməyə başlayıb. Qeyd etmək lazımdır ki, yeniyetmə və gənclər arasında erkən nikahların qarşısının alınması üçün maarifləndirmə işinin aparılması və gənclərin bu istiqamətdə biliklərinin artırılmasına nail olmaq məqsədli bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir.
Layihənin vəzifələri arasında hədəf qrupuna daxil olan şəxslər arasında erkən nikahların fəsadları barədə geniş məlumatların yayılması, erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə, icmalarda erkən nikahların qarşısının alınması sahəsində təbliğat kampaniyasının aparılması, mövzuya aid səyyar xidmətlərin göstərilməsidən ibarətdir.
Fəaliyyət müddətində müxtəlif qrupları (QHT üzvlər, universitetlərin yuxarı kurs tələbələri, könüllülər və s.) əhatə edən sosial işçilər, psixoloqlar, tibb işçiləri, hüquqşünaslar, ictimai fəallar müəyyənləşdiriləcək və onlar müvafiq təlimlərə cəlb edilmələri məqsədi ilə qruplara bölünəcəklər. Təlimlər komandaya daxil olan mütəxəssislər tərəfindən keçiriləcəkdir. Əsas təlim mövzularına xidmətlərin göstərilməsi qaydaları, reabilitasiya üçün zəruri şərtlər, sosial işin təşkili, psixoloji reabilitasiya metodları, hüquqi yardım üsulları və s. əlaqədar mövzular daxil ediləcəkdir.
Bakı və Bakıətrafı ərazilərdə icrası planlaşdırılan layihənin gözlənilən nəticələri kimi sözügedən benefisiarlara xidmət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, erkən evliliyə məruz qalmış şəxslərin ünsiyyət ehtiyaclarının ödənilməsi və onların özlərini aktuallaşdırmaq üçün imkan və şəraitin yaradılması və onların kənar təsiri özündə əks etdirən qruplara daxil olmaqdan imtina etməsi, hüquqpozmaların önlənməsi və zorakılıqdan uzaqlaşmaya nail olmağı qeyd etmək mümkündür.