XIX əsrin ən ağır bəlalarından biri olan şəkərli diabet xəstəliyi. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Ən böyük faciə isə bu xəstəliyin ölkəmizdə sürətlə yayılması və gəncləşməsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan, Aysel Cahangirovanın “Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir” layihəsi çərçivəsində gənclərə şəkər xəstəliyinin yaranma və proflaktikası, simptomları və müalicəsi, düzgün qidalanma və sağlam həyat tərzi ilə bağlı məlumatlar verilib. Layihə müddətində Astara, Lənkəran, Masallı və Lerik rayonlarında məktəblilər və gənclərə təlimlər keçirilib. Bununla yanaşı şəkər xəstəliyinin qurbanı olan gənc bir qızın bir günlük həyatından bəhs edən “Mənim bir günüm” adlı qısametrajlı film nümayiş etdirilib. Filmdə şəkər xəstəliyindən əziyyət çəkən və bunu öz həyat tərzinə çevirən gənc bir qızın öz həyat hekayəsini danışmasından bəhs olunur.
Layihə çərçivəsində şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət qayğısının göstərilməsi və daim diqqət mərkəzində saxlanılması barədə ətraflı məlumat verilib. Belə ki, Şəkərli diabet xəstəliyinə tutulan şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 2.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə gənclər məlumatlandırılıb.