Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Yeniliyə Doğru Gənclər Fondu 2016-cı ilin dekabr – 2017-ci ilin fevral aylarında “İnkişafın professional strategiyası” layihəsini həyata keçirmişdir. Layihə Gəncə Dövlət Universitetində, Mingəçevir Dövlət Universitetində və Lənkəran Gənclər Mərkəzində təşkil olunmuşdur.
Layihənin məqsədi – gənclərə özünü inkişaf üsullarının öyrədilməsi və karyeranın planlaşdırılmasına dair biliklərin verilməsi olmuşdur. Peşələr aləmi, əmək bazarı, əmək şəraiti, kadr tələbatı olan perspektiv sahələr haqqında gəncləri məlumatlandırmaq və peşəyönümlü məsləhətlərin verilməsi layihənin vəzifələri kimi müəyyənləşdirilmişdir.
Fərdi inkişafın professional strategiyası gənclərin gələcək həyat planlarının, karyera quruculuğunun gerçəkləşdirilməsinə xidmət edən vasitədir. İnformal təhsillə və tərbiyəvi inkişafın uyğunlaşdırılması layihənin strateji xətti kimi seçilmişdir. Layihənin hədəfi – iş təcrübəsi olmayan gənclərin əmək münasibətləri sisteminə optimal inteqrasiyasına kömək etməkdir. Bacarıq və qabiliyyətə uyğun peşənin seçilməsi gəncin inkişafı üçün imkanlar yaradır, işsizlik, karyerada gerilik kimi halların qarşısını alır.
Layihə çərçivəsində 120 gənc fərdi inkişafın üsulları və vasitələri, informal təhsil almanın metodikası və karyera quruculuğunun tipologiyası haqqında biliklər əldə etmişdir. Peşə-dioqnastik testləri vasitəsilə iştirakçılar özünün güclü və zəif tərəflərini təyin etmiş, inkişafa doğru irəliləmək üçün öz üzərində çalışmanın vacibliyini mənimsəmişlər. Testlərin cavablarına uyğun olaraq, gənclərə karyeranın planlaşdırılmasına dair fərdi məsləhətlər və istiqamətlər verilmişdir.
Təlim kursunun nəticəsi olaraq hər bir gənc özünün individual inkişaf proqramını tərtib etmiş, ixtisas və peşə sahələrinin prioritetlərini müəyyən etmişdir. Təlimin gedişatında hazırlanmış fərdi inkişaf planlarının gənclər tərəfindən gerçəkləşdirilməsi, onların gələcəkdə layiqli əməklə məşğul olmaqlarına və uğurlu karyera qurmaqlarına kömək olacaqdır.