Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elgiz Əlizadənin layihə rəhbəri olduğu “Gənclər arasında Streetball turniri” sona çatıb. Tədbirin ilk günündə Streetball oynamaq qaydalarına dair təlim keçirilib və iştirakçılara sərbəst
şəkildə topla və rəqiblə məşq etməyə imkan yaradılıb. Növbəti gün isə layihənin açılış mərasimində layihə rəhbəri çıxış edərək Prezident yanında Gənclər Fondunun bu cür layihələrə göstərdiyi dəstəkdən və ölkə rəhbərliyinin idmana göstərdiyi qayğıdan, yaradılan şəraitdən və sonda qısaca olaraq layihənin məqsədindən söz açıb. Daha Sonra komandalar arasında oyunlara start verilib. Turnirin ilk günündə Bakı və Sumqayitdan 8 komanda mübarizəyə qoşulub.
Yarışın final mərhələsində “Sumqayıt” komandası “Qarabağ” komandasına 28:20 hesabı ilə qalib gələrək turnirin qalibi olub. “Miami və “Qafqaz” komandaları isə 3-cü və 4-cü yerləri bölüşdürdülər.
Layihənin əsas məqsədi cəmiyyətin aktiv təbəqəsi olan gənclərimizin sağlam həyat sürməsi, asudə vaxtlarını daha səmərəli keçirmək və gənclər arasında bu cür idman oyunlarını təbliğ edərək onların həyat tərzinə çevirməkdir. Komanda şəkilində oynanılan bu oyunlar gənclərə sağlam rəqabət prinsipini aşılayaraq, dövlətimizin əsas hədəflərindən olan sağlam gələcək yetişdirmək amalına öz töhfəsini verəcəkdir.