Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fəal gənc Mustafayeva Leyla Əfəndi qızı tərəfindən Şirvan şəhərində icra olunan “Səbəb və nəticə” adlı layihəsi uğurla başa çatmışdır. Layihənin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin inkişaf etdirilməsi, gənclərin ekoloji biliklərinin artırılması, ətraf mühitə daha diqqətli, qayğıkeş münasibətin təbliği, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasıdır. Təlimlər zamanı gənclərə ekologiya ilə bağlı maarifləndirici bukletlər paylanılmışdır. Layihədə ümumilikdə 210 nəfərdən çox gənc iştirakçı olmuşdur.
Layihə rəhbəri qeyd etmişdir ki, yaşadığımız dövrdə ətraf mühit amili və ətraf mühitin insan həyatına geniş təsiri danılmaz bir faktdır. Dünyanın bir çox ölkələri və böyük şəhərləri çirklənmiş ətraf mühitin zərərindən qaça bilmirlər. Qlobal istiləşmə getdiyi bir dövrdə bu proses daha da pisləşməkdədir. Çirklənmiş və ya əlverişsiz ətraf mühit insanların sağlamlığına birbaşa mənfi təsirini göstərməkdədir. Bu da öz növbəsində insan inkişafına mane olan əsas maneələrdən biridir. Ətraf mühitin amillərinin mənfi təsiri nəticəsində insanların səhhətlərində müxtəlif problemlər yaranır. Bu təsirlər əsasən çirklənmiş su, ərzaq və atmosfer, karbon qazı, yüksək radiasiya və digər vasitələrlə baş verir. Ətraf mühit amilləri insan sağlamlığında problemləri sonradan büruzə verir. Ətraf mühitin çirklənməsinin qarşısının alınması bir çox yollarla həyata keçirilir. Bunlara qlobal istiləşmənin qarşısının alınması, dünya əhalisinin təmiz su və qida ilə təmin olunmasının artırılması, atmosferə buraxılan zərərli qazların azaldılması, yaşayış yerlərinin şəraitinin yaxşılaşdırılması və sair tədbirlər daxildir. Hesablamalara görə, ətraf mühiti daha təmiz saxlamaqla hər il 13 milyon ölümün qarşısı alına bilər.