Azərbaycanda peşə təhsili müxtəlif inkişaf mərhələlərində formalaşaraq, ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır. Texniki peşəyə dövlət səviyyəsində göstərilən diqqətin davamı kimi Azərbaycan Gənclər Fondu da QHT-lərlə birgə bu istiqamətə xüsusi önəm verir. Bu sahədə həyata keçirilən fəaliyyətlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənclərin Maarifləndirilməsi və Təlimi ictimai birliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonunda tekniki peşə kursları uğurla həyata keçirilir.
Orta təhsilini tam və ya natamam şəkildə başa vurmuş gənclərimizin bir qismi ali təhsil arxasınca getmirlər və ya bu cəhdləri uğursuz alınır. Nəticədə isə bu gün belə gənclərimiz işsizlik problemləri ilə üzləşirlər. Layihədə onların hər hansi peşə sahəsinə istiqamətləndirilməsi planlaşdırılır. “Yeniyetmə və gənclərin texniki-peşə təhsilinin inkişafına dəstək” adlı layihə çərçivəsində 40 nəfər yeniyetmə və gənc aşbazlıq və kompüter kurslarında iştirak edirlər. Artıq yanvarın sonunda yekunlaşacaq kursları uğurla bitirən iştirakçılar sertifikatlar alacaqlar.
Layihə haqqında məlumat verən ictimai birliyin sədri Elnurə Əsgərova bildirmişdir ki, əsas məqsəd yeniyetmə və gənclərimizin peşə təhsilinin inkişafına kömək etməkdir. Layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə gənclərimizin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmağı nəzərdə tutur.