Şamaxı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII Qrant müsabiqəsinin qalibi Vasif Şıxıyevin rəhbərliyi ilə icra olunan “Gənc nəsil – Yeni intellekt” layihəsinin növbəti mərhələsi başa çatmışdır. Şamaxı rayonunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında təşkil olunan bu layihə Şamaxı rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı Gənclər Birliyi və “BUTA” Gənclər İctimai Birliyinin təşkilati dəstəyi ilə icra olunur.
“Gənc nəsil – Yeni intellekt” layihəsi fənn kurikulumu əsasında reallaşan bu tipli ilk intellektual layihədir. Layihənin həyata keçirilməsində əsas məqsəd müxtəlif tipli intellektual oyunlar vasitəsilə yeniyetmələrimizə və gənclərimizə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətləri tanıtdırmaqdan ibarətdir. Məqsədlər sırasına həmçinin bölgəmizdəki intellektual gənclərimizi ictimaiyyətə tanıtdırmaq, gənclərimizin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək də daxildir.
Üç ay müddətinə həyata keçirilməsi nəzərdə tutulan layihənin icrasına 4 noyabr 2016-cı il tarixində başlanmış və artıq intellektual layihənin yarımfinal mərhələsi də başa çatmışdır. Son yarımfinal oyununda Şamaxı şəhərinin E.Hüseynov adına 2 saylı tam orta məktəbin, M.Hadi adına 9 saylı tam orta məktəbin, həmçinin 10 saylı tam orta məktəbin və rayonun Əngəxaran kənd tam orta məktəblərinin komandaları qalibiyyət uğrunda mübarizə aparıblar. Şamaxı şəhərinin 9 və 10 saylı tam orta məktəblərinin komandaları qalib gələrək layihə üzrə iştiraklarını davam etdirmişlər.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc nəsil – Yeni intellekt” layihəsinin 4 fevral 2017-ci ildə keçiriləcək final mərhələsində Şamaxı şəhərinin 3 saylı tam orta məktəbinin “Mübariz”, 9 saylı tam orta məktəbin “Şirvanşah”, 10 saylı tam orta məktəbin “Buta” və rayonun Texniki, Humanitar və Təbiət təmayüllü liseyinin “Odlar yurdu” komandaları layihənin qalibi olmaq uğrunda mübarizə aparacaqlar.