Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Nəsirov Bəhruz tərəfindən Biləsuvar rayonunda həyata keçirilən “Addım və zaman” layihəsi uğurla başa çatdı. Layihənin məqsədi QİÇS və narkomaniyaya qarşı gənclərin maarifləndirilməsi, onların bilik və təcrübələrinin artırılmasıdır. Layihə 6 gün davam etmişdir və ümumilikdə 130 nəfər gənc birbaşa layihə iştirakçı olmuşdur. Layihə çərçivəsində bukletlər hazırlanaraq Biləsuvar rayon gənclərinə paylanmışdır.
Layihə rəhbəri Nəsirov Bəhruz çıxış edərək bildirmişdir ki, QİÇS problemi son dərəcə aktual bir problemlərdən biridir. Hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir. Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu İİV/QİÇS-in hər birimizə aid olması haqqında düşünmür və özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbirlər görmürük.İİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik.