Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə keçirilən layihələrdən biri də uğurla icra olunub. “Şəhidlər qürurumuzdur” – Biləsuvar məktəblilərinin inşa olimpiadası layihəsi Biləsuvar rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə baş tutub.
Vətən torpaqları uğrunda şəhid olmuş əsgərlərimizin xatirəsi yad olunduqdan sonra çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin müdiri Aqşin Bağırov bildirib ki, son illərdə ölkəmizin dünyada bütün istiqamətlərdə artan nüfuzu və dövlətimizin güclənməsi, xüsusən ordu quruculuğunda aparılan işlər torpaqlarımızın 20 faizini işğal altında saxlayan düşmənlərimizi narahat etmiş və onlarda işğal etdikləri torpaqları itirmə qorxusu yaranmışdır. Bu qorxunu dəf etmək məqsədilə düşmən tərəfi cəbhəboyu müxtəlif təxribatlara əl atır ki, bunun da qarşısı igid oğullarımız tərəfindən ləyaqətlə alınır. Düşmənlə aparılan mübarizədə qəhrəman oğullarımız şəhid olur. Yaşadığım Biləsuvar rayonuna son bir neçə ildə onlarla dostumuzun, qardaşımızın şəhid cənazələri gətirilmişdir. Onlar dövlətimiz tərəfindən əsl şəhidə layiq şəkildə dəfn edilmiş, ölkə Prezidenti tərəfindən müxtəlif orden, medal və fəxri adlarla təltif edilmişlər. Bu şəhidlərimiz haqqında rayonumuzdakı məktəblilər arasında daha sistemli şəkildə təbliğatın aparılmasına, onların daha yaxından tanıtdırılmasına, bununla da yeniyetmə və gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasına böyük ehtiyac vardır. Məhz buna görə də rayonumuzun sakini olan Hüseynzadə Dalğın tərəfindən təqdim olunan belə bir layihəyə Gənclər Fondu dəstək olub.
İnşaları dəyərləndirən ekspertlər qeyd edib ki, təqdim olunan inşalarən hər birində məktəblilərin vətənə, torpağa və millətə olan sevgisinin sonsuz olduğu, onların hər birinin vətənə sədaqət ruhunda tərbiyə olunmasının göstəricisidir. Hər bir inşada torpaqlarımızın qüdrətli Azərbaycan ordusu tərəfndən tezliklə işğaldan azad olunacağına böyük inam vardır.
Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmanlıqla şəhid olan Biləsuvar rayon gənclərinin xatirəsinə, onların döyüş yoluna həsr olunan inşalar rayon və kənd məktəblərinin şagirdləri tərəfindən yazılaraq Olimpiadaya təqdim olunub. Təqdim olunan onlarla inşanın arasından qaliblər müəyyənləşib, ilk üç yerin və bir nəfər həvəsləndirici yerin sahibinə sertifikatlar, müxtəlif mükafatlar və kitablar, informativ bukletlər hədiyyə olunub. Digər iştirakçıların hər birinə də sertifikt, informativ buklet və kitablar təqdim edilib.