Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata kecirilən “Sürəti sev: yolda deyil, həyatda” adlı layihənin bağlanış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Faiq Məmmədli gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat verib və layihənin məqsədini, layihə ərzində keçirilən təlimin mövzularını bir daha iştirakçıların diqqətinə çatdırıb. Daha sonra qonaq qismində dəvət olunan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov iştirakçıları salamlayaraq, qeyd etdi ki, bu gün yol hərəkəti qaydalarının tədrisi məsələsi çox aktualdır və bu sahədə tədris müəssisələrinin, uşaqlar, yeniyetmə və gənclərlə işləyən bütün qurumların əvəzedilməz rolu var. Bu cür layihələr də gənclər arasında geniş maraq doğurur və bu istiqamətdə gələcəkdə də işlərin aparılmasını planlaşdırır.. Daha sonra layihə iştirakçısı olan gənclərin movzu ilə əlaqədar verdiyi suallar Vaqif Əsədov və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Vüsal Nağıyev tərəfindən cavablandırılıb və tədbir ümumi müzakirə formatında davam etdirilib. Layihə ərzində əldə olunan biliklərin gələcək işlərdə tətbiq olunması iştirakçılara tövsiyə edilib. Sonda isə istirakçılara sertifikatlar təqdim olunub.